Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 17:27
Bu gün aprelin 15-i Xalq artisti Telman Adıgözəlovun vəfat etdiyi gündür. Görkəmli aktyorun ölümündən 10 il ötür.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, o, 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən Ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. T. Adıgözəlov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.
O, C. Məmmədquluzadənin "Dəli yığıncağı"da Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin "Maqbet"də Flins, M. İbrahimovun "Közərən ocaqlar"da Xanəhməd, H.Cavidin "İblis" əsərində Şeypurçu və.s obrazları ilə yadda qalıb.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə də xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında dəfn edilib.