Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 18:32
"SOCAR Türkiyə" "Petkim"in rəqəmsal transformasiyasını bütün digər şirkətlərində tətbiq etmək niyyətindədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə müsahibəsində "SOCAR Turkey"nin neft-kimya və emal üzrə iş birliyində baş direktorun rəqəmsallaşma və texnologiya üzrə müavini Murad Abdullayev deyib.
Sözügedən müsahibəni təqdim edirik:
"Petkim"də rəqəmsallaşma prosesi hansı mərhələdədir?
Bildiyiniz kimi, SOCAR-ın 2008-ci ildə Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın aldığı "Petkim"ə bu günədək hər il əlavə investisiyalar qoyulur. Bu baxımdan, artım potensialı yüksək olan neft-kimya sektorunda ehtiyac və tələbi təmin edə bilmək üçün 2008-ci ildən etibarən "Petkim"ə hər il təxminən 100 milyon dollar olmaqla, ümumilikdə 1 milyard dollardan çox əlavə investisiya qoyulub. Bu vəsaitlə əlaqədar prioritetimiz fabriklərimizin modernləşdirilməsini təmin etmək və məhsuldardlığı artırmaq olub.
Şirkətimizin strategiyasına uyğun olaraq, rəqəmsal dəyişməni "Petkim"in modernləşməsi istiqamətində vacib addım kimi müəyyənləşdirdik və bu yanaşmanı şirkətin bütün iş prosesinə necə tətbiq edəcəyimizə diqqət ayırdıq. Bu məqsədlə klassik informasiya texnologiyaları anlayışını üstələyən rəqəmsallaşma vizyonumuzu tamamlamaq üçün 2018-ci ildə şirkətimizdə "Rəqəmsallaşma və texnologiyalar iş birliyi" qurulub və mənim rəhbərlik etdiyim rəqəmsallaşma qrupu təşkil edilib. "Petkim"dəki rəqəmsallaşma istiqamətində ilk işlərimizdən biri 2018-ci ildə "Petkim" Rəqəmsal Akademiyasının qurulması oldu. Rəqəmsal Akademiyada əməkdaşlarımızın rəqəmsal düşünmə qabiliyyətini təkmilləşdirmək üçün müxtəlif treninqlər təşkil etmişik. Bütün bu proseslərə baxdıqda deyə bilərəm ki, 2018-ci il "Petkim rəqəmsal dəyişmə ili" oldu. 2018-ci ildən etibarən "Petkim"in bütün seqmentlərində rəqəmsallaşma mədəniyyətini yaydıq və 20-dən artıq rəqəmsallaşma layihəsini həyata keçirdik. Bu işlər sayəsində dünyadan innovativ və rəqəmsal tətbiqlər standartı üzrə müqayisə aparan Dünya İqtisadi Forumunun "2020 Global Lighthouse Network" reytinqinə Türkiyədən daxil olan yeganə şirkət "Petkim" oldu. Həmin reytinqdə müxtəlif ölkələrdən rəqəmsal tətbiqlərdə nümunə olaraq göstərilən 44 şirkət yer alır. Bu şirkətlər Sənaye 4.0 prinsiplərini ən yaxşı tətbiq edən şirkətlərdir. Bu özünəməxsus mükafat "Petkim"in rəqəmsal dəyişməsində nə qədər inkişaf etmiş mərhələdə olduğumuzu açıq şəkildə göstərir. Rəqəmsal tətbiqlərimiz bu reytinqdə "ən yaxşı təcrübə" olaraq göstərilib və öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını təmsil edir. Bu nailiyyətimizlə fəxr edirik.
Rəqəmsallaşma prosesi hansı həcmdə tamamlanıb?
"Petkim"də 2018-ci ildən etibarən başlamış rəqəmsallaşma layihələrinin əksəriyyəti tamamlanıb. 2019-cu ildən başlayaraq bu layihələrin müsbət nəticələrini alırıq. Biz bunlarla kifayətlənməyərək daim yeni layihələr əlavə edirik. Fikrimizcə, bu dəyişmə bitməyən, qlobal dəyişikliklərə və mütərəqqi texnologiyalara paralel olaraq davam edəcək bir prosesdir. Qlobal inkişafla ayaqlaşmaq və bu sektora yön verəcək tətbiqləri hazırlamaq üçün yeni rəqəmsallaşma layihələri inkişaf etdirməyə və bunları tətbiq etməyə davam edəcəyik. "SOCAR Türkiyə" şirkətinin dəyər yaratma halqasını təşkil edən "Petkim", STAR neft emalı zavodu, "SOCAR Depolama" və "SOCAR Dağıtım" şirkətləri 2019-cu ilin noyabrında "SOCAR Türkiyə" Emal və neft-kimya üzrə iş birliyində birləşib. Bu istiqamətdə 2020-ci ildə də proseslərimizi rəqəmsallaşdırmağa yönəlmiş işlərimiz və investisiyalarımız davam edəcək.
Bu layihə çərçivəsində hansı işlər görülür?
Qeyd etdiyim kimi, Rəqəmsal Akademiyada rəqəmsal və analitik sahədə insan resursu yetişdirməklə şirkətimizdə rəqəmsal dəyişməni daha dayanıqlı etmək üçün bu günə qədər rəhbərlik də daxil olmaqla, 300-dən çox əməkdaşımıza müxtəlif treninqlər keçmişik. Treninqlər "Rəqəmsal məlumatlılıq", "Mütərəqqi analitik və məlumat bilikləri", "Proseslərin rəqəmsallaşdırılması" və "Əşyaların interneti və və robot texnikası" kateqoriyalarında keçirilir. Rəqəmsal Akademiyada, həmçinin "Petkim"də icra olunacaq "bootcamp", praktik məşğələlər kimi proseslər də inkişaf etdirilir. Xüsusilə analitika treninqləri nəticəsində yaranan proseslər artıq indidən "Petkim"də əlavə dəyər yaratmağa başlayıb. Əməkdaşlarımızın da tövsiyələri sayəsində şirkət daxilində daha məhsuldar istehsal prosesləri formalaşdırılıb. Məlumata əsaslanan qərarvermə prosesi və alqoritmlər hazırlamaqla çoxlu sayda fərqli ssenarilər təhlil etmişik. Nümunə olaraq, "Petkim" etilen fabrikində tətbiq etdiyimiz etilen sobası optimallaşdırma layihəsini göstərə bilərəm. Bu layihə sayəsində əvvəllər həftədə bir dəfə həyata keçirilən 8 soba işlətmə ssenarisi yerinə hər 15 dəqiqədən bir 54 milyard ssenari yaradılır. Beləliklə, ən uğurlu ssenarilər real proseslərdə tətbiq olunur. Bu layihəmiz üçün Türkiyədə və Avropada patent üçün müraciət etmişik, hazırda müraciətlər nəzərdən keçirilir. Bu işlər sayəsində "Petkim"in məhsuldarlığını, iş həcmini, enerji məhsuldarlığını və məhsul keyfiyyətini yüksəldirik.
Dünyaca məşhur Massaçusets Texnologiya İnstitutu (MIT) ilə əməkdaşlıq etdiyimizi də deməliyəm. Bu qurumun böyük təcrübəsindən yararlanaraq rəqəmsal dəyişmə prosesimizi daha da inkişaf etdirdik. Bundan başqa, İstanbul Texniki Universiteti (İTÜ), Boğaziçi Universiteti və ODTÜ ilə əməkdaşlıqda istehsal və inkişafla bağlı startaplar üzrə də birgə layihələr icra edəcəyik. Bu baxımdan, Avropanın ikinci, dünyanın üçüncü ən yaxşı inkubasiya mərkəzi olan "İTÜ Çekirdek" mərkəzinin hər il yeni startaplar arasında ən yaxşıların müəyyən olunduğu "İTÜ Big Bang Start-Up Challenge" müsabiqəsində 2019-cu "Petkim" olaraq öz dəstəyimizi verdik və orada təqdim olunan layihələri diqqətlə izlədik. Beləliklə, minlərlə namizəd startap arasından öz layihələri ilə fərqlənən startapçılara görüş və əməkdaşlıq imkanı təşkil edirik.
"Petkim"də rəqəmsallaşmanın əsas məqsədi nədir?
Rəqəmsallaşma yolundakı əsas məqsədimiz öz sektorunda öncül yerdə olan "Petkim"i Azərbaycanın və Türkiyənin ən rəqəmsal şirkətinə çevirməkdir. Bunun üçün şirkətimizi, bütün əməkdaşları və öz iş mədəniyyəti ilə birgə rəqəmsal şirkətə çevirmək fəaliyyətimiz dayanmadan davam edir. "Petkim" əlli ildən çox iş təcrübəsinə malik şirkətdir. Bu təcrübəni yeni yanaşmalar və texnologiyalarla birləşdirərək sahib olduğumuz nəhəng bilik ehtiyatımızdan maksimum dəyər yaratmağa çalışırıq. Beləliklə, "Petkim" məhsuldarlığını və məhsul keyfiyyətini artırmaqla Azərbaycan və Türkiyə iqtisadiyyatlarına töhfə veririk. Bundan başqa, artırılmış və virtual reallıq texnologiyalarını xidmət və iş təhlükəsizliyi kimi proseslərimizdə istifadə edərək fəaliyyətimizin təhlükəsiz şəkildə uzunmüddətli davamlılığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.
Bu layihə "Petkim"ə nə cür töhfə verir?
Bu layihələrimiz sayəsində "Petkim"in sadəcə istehsal deyil, həm də maliyyə, insan resursları kimi proseslərdə də məhsuldarlığı və təkmilləşməsi təmin edilir. Bu təkmilləşdirmələrin maliyyə hesabatlarımıza hər il daha da müsbət təsir etdiyini görürük. Bu günədək həyata keçirdiyimiz rəqəmsallaşma layihələrinin şirkətimizə növbəti illərdə təxminən 43 milyon dollarlıq maliyyə təmin edəcəyini deyə bilərəm.