Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 09:21
Bakı. Elçin Mehdiyev - Trend:
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.
S.Əliyevanın sözlərinə görə, Azərbaycan terrorla mübarizədə həmişə ABŞ-ın yanında olduğunu bəyan edib: “ABŞ Azərbaycanın beynəlxalq səviyyəli layihələrdəki aparıcı mövqeyini dəstəkləyib. Eyni zamanda, Vaşinqton rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyini hər zaman yüksək qiymətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır. Məhz bu baxımdan bir-birinin ardınca Donald Trampın Prezident İlham Əliyevə iki təbrik məktubu ünvanlanması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir”.
Millət vəkili bildirib ki, Donald Trampın göndərdiyi hər iki məktub bundan sonra da iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir:
“Hazırda bu əlaqələr özünün yüksək inkişaf mərhələsindədir. Bu, birmənalıdır. ABŞ özünün Cənubi Qafqaz siyasətində hər zaman Azərbaycana xüsusi önəm verib və bütün beynəlxalq əhəmiyyətli layihələrimizi dəstəklədiyini bəyan edib. ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və "Cənub Qaz Dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malik ölkələrdəndir. Heç şübhəsiz ki, ABŞ belə bir tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq”.
S.Əliyeva vurğulayıb ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur: “Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin