Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq

Azərbaycan Prezidenti: Biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq

Tarix: 24 Aprel 2020 18:39

Biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışından sonra şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib:

"Sumqayıt şəhərinin infrastruktur layihələrinin icrası əlbəttə ki, böyük əhəmiyyət daşıyırdı. Mən bu yaxınlarda elektrik enerjisi ilə bağlı məsələlərə toxunarkən demişdim ki, son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Amma onu da bildirməliyəm ki, onlardan birincisi mənim göstərişimlə məhz Sumqayıtda tikilmişdir. Özü də çox böyük stansiyadır - 525 meqavat gücündə. Çünki bu stansiya olmadan Sumqayıtın sənaye potensialı inkişaf edə bilməzdi. Məhz bu stansiyanın istifadəyə verilməsi ilə Sumqayıtın elektrik enerjisinə olan tələbatı və eyni zamanda, ondan sonra artan sənaye müəssisələrinin tələbatı ödənildi.

Su təminatına gəldikdə isə, Sumqayıt Şollar mənbəyindən qidalanır və bu problem də öz həllini tapıb. İndi yolların çəkilişi də nəzərdə tutulur. Bildiyiniz kimi, mənim göstərişimlə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi icra edilir. Çünki mən demişəm, artıq Sumqayıt Bakı ilə elə bil ki, birləşib və bəziləri burada yaşasa da Bakıda işləyir və əksinə. Ona görə bu yollarda yaranmış tıxaclar əlbəttə ki, ciddi tədbirlər tələb edirdi. İndi yolun genişləndirilməsi işləri gedir. Eyni zamanda, bildiyiniz kimi, biz iki il bundan əvvəl Bakını, Bakı qəsəbələrini Sumqayıtla birləşdirən Bilgəh-Sumqayıt yolunun da açılışını qeyd etdik. İndi Sumqayıtdan Bakının qəsəbələrinə Bakı şəhərinə girmədən dəniz sahili yolu ilə çatmaq mümkündür. Ona görə bütün bu infrastruktur layihələrinin icrası zəruri idi. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi.

Təbii qaz bizim enerji sistemimizin əsas mənbəyidir. Çünki bizim elektrik stansiyalarımızın mütləq əksəriyyəti qazla işləyir. Su elektrik stansiyalarının həcmini artırmaq istəyirik. Alternativ mənbələrdən də istifadə etmək istəyirik. Amma hələlik təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaqdır. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. "Şahdəniz-2" layihəsinin işə düşməsi və gələn il "Abşeron" yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək. Çünki ölkəmizdə həm əhalinin sayı artır, həm də sənaye inkişaf edir. Ona görə bu inkişafa adekvat olan enerji mənbəyi olmalıdır. Bu gün müasir texnologiyalar bu sahədə də çox böyük dəyişikliklərə gətirib çıxardı.

Eyni zamanda, şəhərin abadlaşdırılması. Siz lift təsərrüfatını, dam örtüklərini qeyd etdiniz. Bilirsiniz ki, mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan müntəzəm olaraq bu məqsədlər üçün vəsait ayrılır və bildiyimə görə, artıq dam örtüklərinin böyük hissəsi vurulubdur.

Cəmi 190 bina qalıb, onları da bu il başa çatdıracaqsınız. Lift təsərrüfatını da. Sonra icra hakimiyyətindən müraciət olunmuşdur ki, şəhər nəqliyyatı üçün avtobuslar alınsın, biz bunu da həll etdik. Kredit verildi, müasir avtobuslar gətirildi, indi hamısı işləyir. Ona görə insanları narahat edə biləcək bütün əsas məsələləri biz kompleks şəkildə təhlil edərək öz addımlarımızı atdıq və deyə bilərəm ki, bütün hədəflərə çatmışıq. Amma əlbəttə, həyat yerində durmur, biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq".


Etiketlər:  Azərbaycan Prezidenti Sumqayıtı daha müasir şəhərə çevirməliyik əminəm buna nail olacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ