Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 11:36
"Ermənistan tərəfi daim danışıqlardan yayınmağa çalışır və bunun üçün də bütün çirkin əməllərə əl atır".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın münasibəti danışıqlar prosesinin pozulması istiqamətində növbəti təxribatdır:
"Ermənistanın xarici işlər naziri indiyə qədər aparılmış danışıqlar prosesini və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri inkar etdi. Mnatsakanyanın bu sərsəm fikri bir daha Ermənistanın qeyri-ciddi bir dövlət olduğunu göstərməklə yanaşı, beynəlxalq hüquq prinsiplərinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı böyük hörmətsizlikdir".
Deputat qeyd edib ki, beynəlxalq təşkilatların bəyanatlarında və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı açıq şəkildə ifadə olunur:
"Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Lakin Ermənistan tərəfi uzun illərdir ki, bu qətnamələri yerinə yetirməməklə regionda təhlükəsizlik üçün ən böyük təhdid olaraq qalır".
Deputat vurğulayıb ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti və dəyişməzdir:
"Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bir qarış da torpağını güzəştə getməyəcəyini bəyan edib.
"Valday" Beynəlxalq Diskussiya Klubu və Münxen Təhlükəsizlik Konfransı kimi mühüm toplantılarda da cənab Prezident Azərbaycanın qəti mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Hər iki toplantıda cənab Prezident erməni yalanlarını tarixi faktlarla ifşa etdi və "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fəlsəfi fikrini söyləməklə Ermənistan tərəfinin çirkin niyyətlərini alt-üst etdi".
A.Həsənova qeyd edib ki, Ermənistan tərəfi öz təbirincə danışıqlar prosesini pozmaqla Azərbaycan torpaqlarının işğalını davam etdirməyə və status-kvonu saxlamağa çalışır:
"Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Ermənistanın öz orduları barəsində uydurduqları mif bir anda məhv oldu. Azərbaycan ordusu qarşısında çarəsiz durumda qalan Ermənistan tərəfi çıxış yolunu beynəlxalq təşkilatlara yalvarmaqda, başqa ölkələri atəşkəs elan edilməsi üçün Azərbaycana elçi salmaqda gördülər.
Lakin Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycan ordusu daim güclənir və əgər aprel döyüşləri təkrarlanarsa, bu dəfə onun dadına heç kim çatmayacaq və Ermənistan daha böyük fəlakətlə üzləşməli və acı məğlubiyyəti yaşamalı olacaq. Yerevan bunu nə qədər tez anlasa, onlar üçün o qədər yaxşı olar".