Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 16:44
Bakı. Elnur Bağışov - Trend:
İranda “Pride” markalı avtomobil zavodunun "Pride 131" modelinin istehsalını dayandırması ilə cari İran ilinin 4-cü ayında (21 iyun -21 iyul 2020) işinə tamamilə xitam veriləcək.
Bunu İranın Saipa Avtomobilqayırma Şirkətinin icra direktoru Cavad Süleymani deyib. Bu barədə Trend şirkətin informasiya portalına istinadən məlumat verib.
Onun sözlərinə görə, son "Pride 111" modeli 23 apreldə istehsal olunub. Beləliklə, "Pride 111" və "Pride 132" modelinin istehsalına xitam verilib.
Süleymani əlavə edib ki, İranda bu avtomobilin istehsalı həmişəlik olaraq dayandırılacaq.
Şirkət rəsmisi bildirib ki, 2,6 min dollarlıq Pride avtomobil istehsalına heç bir alternativin olmadığı dəfələrlə qeyd olunub. Çünki hazırkı şəraitdə, xammalın qiymətinin baha olması, xarici valyutanın bahalaşması, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, ehtiyat hissələrinin idxalındakı məhdudiyyətlərə görə bu qiymətə avtomobil istehsal etmək mümkün deyil.
Qeyd edək ki, İranda "Pride 132" avtomobilinin istehsalı yanvar ayının ortalarında dayandırılıb. İstehsalın dayandırılmasına səbəb bu avtomobilin təhlükəsizliyinin yüksək səviyyədə olmaması göstərilir.
Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub. İran sanksiyaların təsirini azaltmaq üçün ölkə daxili istehsala daha çox önəm verir.