Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusla bağlı testlərin aparılmasında unikal sistem yaradılıb

Azərbaycanda koronavirusla bağlı testlərin aparılmasında unikal sistem yaradılıb

Tarix: 28 Aprel 2020 22:57

Bakı. Afaq Rza - Trend:

Azərbaycanda koronavirusla bağlı testlərin aparılmasında unikal sistem yaradılıb.

Trend-in məlumatına görə, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə mütəşəkkil formada və güclü şəkildə həyata keçirilir:

"Qeyd etmək lazımdır ki, karantin rejiminin tətbiqi mütləq idi. Lakin bu rejim bir tərəfdən də ölkələrin iqtisadiyyatına ciddi problemlər yaradır. Mən bu gün baş tutan görüşdə bir daha qeyd etdim ki, Prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, bizim üçün ən vacib olan insanların sağlamlığıdır. Daha sonra epidemioloji vəziyyətdir. Bizim epidemioloqlar testlər apararaq virusun olub-olmamasını aşkar edə bilirlər.

Həmçinin bu yaxınlarda digər xəstəxanalar da istifadəyə veriləcək. Ən əsas onu qeyd etmək lazımdır ki, bizim bölgələrdəki xəstəxanalarımız da müasir standartlara cavab verir. Bunun nəticəsində regionlarda infeksiyaya yoluxan şəxs aşkar olunan zaman onu Bakıya gətirməyə ehtiyac yoxdur, yerlərdə bütün lazımi tədbirlər həyata keçirilir. Bu həm xəstələrin rahatlığı, həm də xəstəliyin epidemioloji vəziyyətinin yayılmasının qarşısını almaq üçün vacibdir".

O.Şirəliyev əlavə edib ki, hər bir ölkənin virusa qarşı müdafiə mexanizmi fərqlidir:

"Bildiyiniz kimi, bir çox ölkələrdə xəstəxanalardakı vəziyyət problemlər yaradıb. Ölkələr xəstə sayının çoxluğu, onları yerləşdirməyə yerin olmaması, çarpayı çatışmazlığı, xəstələrin digər ölkələrə aparılması və s. kimi ciddi problemlərlə rastlaşırdı. Bu problem ölkələrdə böyük bir dalğa idi. Bunun bir səbəbi də həmin ölkələrdə qabaqlayıcı tədbirlərin vaxtında görülməməsi idi. Biz demək olar ki, bu problemlərlə rastlaşmadıq və yoluxma sayı digər ölkələrlə müqayisədə da dəfələrlə az oldu.

Hər ölkənin öz xüsusiyyətləri var. Xəstəlik də müxtəlif ölkələrdə fərqli şəkildə yayılır. Bəzi ölkələrdə çox sürətlə, bəzilərində çox zəif. Bütün ölkələrin də virusa qarşı müdafiə mexanizmi fərqlidir. Mən belə düşünürəm ki, bizim ölkəmiz dəqiq və çevik halda bu məsələlərin öhdəsindən gələ bilib və nəticəsini indi biz hamımız görürük.

Həmçinin bəzi ölkələrdə yalnız virusa yoluxma şübhəsi olan və həmin şəxslə əlaqədə olan insanlar testlərdən keçirilir. Lakin bizdə bu işlər təkcə paytaxt ilə yekunlaşmır, bütün ölkə üzrə aparılır. Mən xüsusilə qeyd etmək istəyirəm ki, 5 min test və 18 laboratoriya çox böyük rəqəmdir. Hətta xəstələnmədən sonra iki dəfə test aparılır ki, dəqiq diaqnoz bəlli olsun. Pandemiya ilə mübarizədə bütün bu işlər davam etdirilir ki, vəziyyət daha da müsbətə doğru dəyişsin".


Etiketlər:  Azərbaycanda koronavirusla bağlı testlərin aparılmasında unikal sistem yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ