Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Tarix: 4 May 2020 18:15

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, onlayn iclasda dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlarda edilən dəyişiklikdən məqsəd "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə bağlıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 3-cü maddəsinə "Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa edilir" məzmununda əlavə olunur; adı çəkilən digər 3 qanuna edilən dəyişikliklər də ölkəmizdə fəaliyyət göstərən televiziya və radio yayımlarının əvvəlində Azərbaycanın Dövlət Himnindən istifadə qaydalarını tənzimləməyə xidmət edir.

Sonra "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunlara təklif edilən dəyişikliklərdən (üçüncü oxunuş) bəhs edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan yeni qanuna əsasən, reklam qurğuları tarix və mədəniyyət abidələrində, memarlıq abidələrində, həmçinin mühafizə zonalarında yerləşdirilərkən 5 dekabr 2019-cu il tarixli "Reklam haqqında" qanunla müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

Gündəlikdəki 3-cü məsələni şərh edən Qənirə Paşayeva vurğulayıb ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunmasıyla bağlı mühüm vəzifələr qoyub. Fərmanın icrasıyla əlaqədar olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər (üçüncü oxunuş) ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək. Onlayn iclasda komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin və Ülviyyə Həmzəyeva bu qanun layihələrinin əhəmiyyətindən danışıblar.

Fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.


Etiketlər:  Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ