Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan koronavirusla mübarizədə öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə hazırdır''

''Azərbaycan koronavirusla mübarizədə öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə hazırdır''

Tarix: 6 May 2020 09:48

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünun keçirilməsi hər şeydən öncə bu beynəlxalq təşkilatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və bu təşəbbüskarlığın üzv ölkələr tərəfindən yüksək qiymətləndirilməsi kimi başa düşülməlidir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, Zirvə görüşündə dünyanın ən böyük beynəlxalq təşkilatının yəni BMT-nin baş katibi, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də qatılmışdı ki, bu da ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi. Heç də həmişə hər hansı beynəlxalq təşkilatın tədbirlərinə digər beynəlxalq təşkilatlar belə həvəslə qatılmırlar.

Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin beynəlxalq nüfuzu və həm də hazırda ən aktual problem olan COVID-19 xəstəliyini bir daha beynəlxalq ictimaiyyətin gündəliyinə təqdim etməsi ilə əlaqədar idi. Qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronavirusa qarşı mübarizəni olduqca effektli edə bilər. Lakin bəzi hallarda buna nail olmaq o qədər də asan deyil.

Milli Məclisin deputatı qeyd edib ki, dünya dövlətləri arasında hətta Avropada eyni hərbi siyasi və iqtisadi blokda yer alan ölkələr belə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirə bilmədilər. Qarşılıqlı yardımlaşma və kommunikasiya heç də arzu edilən səviyyədə olmadı. Nəticədə bu gün dünyanın 170-dən çox ölkəsi beynəlxalq səhiyyə və maliyyə qurumlarına üz tutaraq onlardan yardım istəyir. Məhz belə mürəkkəb və çətin bir dövrdə Azərbaycanın təşəbbüskarlığı, kommunikasiya qurma bacarığı qarşılıqlı yardımlaşmanı ən azından Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında təmin etmək üçün cəhd göstərməsi üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

"Şübhəsiz ki, Azərbaycan hər şeydən əvvəl ölkə daxilində koronavirusa qarşı önləyici tədbirlər almaqla, dövlətin bütün imkanları ilə vətəndaşını yanında olması ilə nümunə göstərən bir ölkədir. Videokonfrans iştirakçılarına görülən işlər haqqında məlumat verən Prezident İlham Əliyev bu məsələlərdən danışarkən qeyd etdi ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmiş, nəticədə kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması bunu təsdiq edir. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır", - deyə H. Babaoğlu vurğulayıb.

O əlavə edib ki, ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatına, bəzi ölkələrə yardım edir ki, bu da hazırkı çətin vaxtda əsl dayanışma və həmrəylik nümunəsidir. Ona görə də 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, Xarici İşlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilməlidir .

Onun sözlərinə görə, Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Bütün bunlarla yanaşı, milli təhlükəsizliyimizi təhdid edən COVID-19 pandemiyasına qarşı dövlət başçımızın həyata keçirdiyi tədbirlərin vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilməsi, Prezident İlham Əliyevin ünvanına hər gün müxtəlif regionlarımızdan çoxsaylı minnətdarlıq məktublarının daxil olması da ayrıca vurğulanmalı bir məsələdir.


Etiketlər:  Azərbaycan koronavirusla mübarizədə təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ