Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 17:36
Son bir neçə ayda ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən tədbirlər bu bəlanın aradan qaldırılması üçün yüksək siyasi iradənin və qətiyyətin mövcud olduğunu bir daha aydın şəkildə göstərdi. Ona görə də hər kəs ölkəmizdə korrupsiyaya qarşı aparılan qətiyyətli mübarizədən nəticə çıxarmalıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, son dövrlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının həbs edilməsi, o cümlədən digər yüksək rütbəli məmurların korrupsiya cinayətlərinin ifşa edilməsi ölkədə korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərməklə yanaşı, heç kimin korrupsiya cinayətindən yayına bilməyəcəyini, istənilən qanun pozuntusunun mütləq təsbit edilib cəzalandırılacağını sübut edir.
Deputat qeyd edib ki, hər kəs həyata keçirilən bu əməliyyat tədbirlərdən, korrupsiyaya qarşı qətiyyətli mübarizədən dərs çıxarmalı və öz fəaliyyətində bu cür hallara yol verməməlidir:
"Həyata keçirilən əməliyyatlar nəticəsində ortaya çıxan qanun pozuntularından biri də həbs olunan icra başçıları tərəfindən insanların torpaq sahələrinin qanunsuz olaraq əllərindən alınması ilə bağlı oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirdi, torpaqları qanunsuz olaraq əllərindən alınan vətəndaşlarla bağlı tapşırıq verdi və dərhal məsələ ilə bağlı araşdırmalara başlanıldı. Hesab edirəm ki, hər kəs bu məsələdən də nəticə çıxarmalı və öz fəaliyyətində qanun pozuntularına yol verməməlidir. Hər kəs onu da anlamalıdır ki, qanun pozuntusuna yol verdiyi halda gec-tez onun üstü açılacaq və o, buna görə qanun qarşısında cavab verməli olacaq".