Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 16:33
Azərbaycan öz suverenliyini bərpa edəcəkdir və bunu deməyə əsas verən bir çox amillər var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Əfsuslar olsun, erməni vandalları tərəfindən Kəlbəcərdə və işğal edilmiş digər torpaqlarda yerləşən tarixi abidələrimizin mütləq əksəriyyəti, demək olar ki, hamısı dağıdılıb, yaxud da yarıdağılmış vəziyyətdədir. O cümlədən Kəlbəcər rayonunun ərazisində Azərbaycan xalqına məxsus qədim tarixi abidələr dağıdılıbdır. Amma gün gələcək biz işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələri, bütün infrastrukturu bərpa edəcəyik. Azərbaycan öz suverenliyini bərpa edəcəkdir və bunu deməyə əsas verən bir çox amillər var. O cümlədən bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünya tərəfindən qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir. O cümlədən bu yaxınlarda separatçılar tərəfindən keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmaması və aparıcı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim mövqeyimizi gücləndirmişdir və separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmuşdur. Bununla bərabər, əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz - bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır. Hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır və bu istiqamətdə çox fəal iş aparılır".