Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avropa İttifaqı Şurasının ''Şərq Tərəfdaşlığı'' siyasəti ilə bağlı yekun qərarı Azərbaycanın növbəti beynəlxalq uğurudur''

''Avropa İttifaqı Şurasının ''Şərq Tərəfdaşlığı'' siyasəti ilə bağlı yekun qərarı Azərbaycanın növbəti beynəlxalq uğurudur''

Tarix: 14 May 2020 12:09

Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra "Şərq Tərəfdaşlığı" siyasəti ilə bağlı yekun qərarı Azərbaycanın növbəti beynəlxalq uğurudur, çünki qərarda əksini tapmış məsələlər ölkəmizin mövqeyi ilə kifayət qədər üst-üstə düşür.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasında (MDB PA) Azərbaycan nümayəndə heyətinin üzvü Afət Həsənova deyib.

Deputat bildirib ki, qərarın 2-ci bəndində qeyd olunan məsələlər ölkəmiz üçün kifayət qədər əhəmiyyət kəsb edir: "Şərq Tərəfdaşlığının siyasi və hüquqi əsaslarının, o cümlədən ən vacib fəaliyyət prinsiplərinin əks olunduğu bu bənddə Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional "ölçüsü" olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edir.

Bu bənddə qeyd olunan məsələlər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı və prinsipal mövqeyini bir daha beynəlxalq səviyyədə təsdiq edir və dəstəkləyir, Ermənistanın isə region üçün böyük təhlükə mənbəyi olduğunu açıq şəkildə göstərir.

Çünki bu bənddə "Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair" Aİ-nin ortaq öhdəliklərini təsbit edilir.

Digər vacib məsələ isə yekun qərarın 17-ci bəndində hərbi münaqişələr məsələsinə yenidən toxunulması, münaqişələrin həllinin, etimadın yaradılmasının və mehriban qonşuluq əlaqələrinin əhəmiyyətinin vurğulanmasıdır. Həmin bənddə Şura ŞT regionunun bəzi ölkələrində beynəlxalq hüquq pozuntularının davam etməsindən dərin narahatlığını ifadə edərək, münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıqlar formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir.

Göründüyü kimi, bu bənddə də Azərbaycanın mövqeyi ciddi şəkildə dəstəklənir. Uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın bütün hüquqları pozulub. Azərbaycan Dağlıq Qarabağ münasişəsinin sülh və danışıqlar vasitəsilə həll edilməsinə çalışsa da, Ermənistan heç bir halda konstruktiv mövqe nümayiş etdirmir, daim danışıqlar prosesini pozmaq üçün müxtəlif təxribatlara əl atır və status-kvonun qorunub saxlanmasına çalışır. Avropa İttifaqı Şurasının yekun qərarında Ermənistanın işğalçı bir dövlət olduğuna və bütün beynəlxalq hüquq prinsiplərini pozmasına bir işarə edilir.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə ciddi mövqe nümayiş etdirərək regionda təhlükəsizliyin təmin edilməsi və münaqişənin həlli istiqamətində Ermənistana ciddi təzyiq göstərməlidir. Əks halda sənəddə qeyd olunan məsələlərin həyata keçirilməsi mümkün olmayacaq".

Deputat vurğulayıb ki, sənəddə qeyd olunan məsələlər Azərbaycan haqlı və düzgün mövqedə olduğunu bir daha beynəlxalq səviyyədə təsdiq edir: "Əlbəttə, sənəddə bu məsələlərin əksini tapmasında Azərbaycanın indiyə qədər gördüyü işlərin böyük rolu var. Cənab Prezident İlham Əliyev daim bütün beynəlxalq tribunalardan Ermənistanın işğalçı bir dövlət olduğunu və region üçün böyük təhlükə yaratdığını tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Göründüyü kimi, Azərbaycanın haqq səsi dünyada eşidilir və mövqeyi nəzərə alınır. Bu, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə güclənməsindən xəbər verir".

Şərq Tərəfdaşlığı - Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna.


Etiketlər:  Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı Azərbaycanın növbəti beynəlxalq uğurudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ