Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 17:36
Bu günlərdə hamı cansıxıcı karantin günlərindən şikayətlənir. Bir çoxları evdə qaldıqları günlərdə özlərini yenidən kəşf etdiyini söyləyir. Amma bu qəbildən olan insanlar azlıq təşkil edir. Bəs şair və yazıçılarımızın karantin günləri necə keçir?
Sonxeber.net bildirir ki, Modern.az-ın "Ədəbi şənbə"sinin sorğusunda iştirak edən yazarlarımızın nə etdiklərini bilmək istəyirsinizsə, gözlərinizi monitora bir qədər də yaxınlaşdırın:
Yazıçı Azər Qismət: "Hər bir yazıçı üçün asudə vaxt göylərin hədiyyəsidir desəm, səhv etmərəm. Karantin günləri də yazı adamı üçün həm də sürpriz hesab edilməli idi. Lakin təəssüf ki, bir cümlə də yaza bilmədim. Anladım ki, ümumi karantin rejimi gərginliyi ruha mənfi təsir edirmiş".
Şair Cəlil Cavaşnir: "Karantin dönəmində daha çox mütaliəyə və film izləməyə vaxt ayırmışam. Hal-hazırda komandamızla birlikdə bədii film üçün ssenari yazırıq. Yeni bir neçə şeir yazmışam".
Yazıçı Mirmehdi Ağaoğlu: "Mən elə əvvəldən evdə oturub yazı işləri məşğul olmağa öyrəşmiş adamam. Bu baxımdan, karantin rejimi mənim üçün xüsusi bir yenilik olmadı. Boş vaxtlarımda dostlarla görüşürük. Bir müddət işə çıxmadıq. Evdə oturub xeyli mütaliə elədim. Filmlərə baxdım. Yarımçıq qalmış hekayələrimi bitirdim. Bu müddət ərzində iki yeni hekayə yazdım. Bir sözlə, karantin dövründə müəyyən qədər məhsuldarlığımı artırdı.
Şair Fuad Cəfərli: "Bir müddət işə çıxmadım. Həmin günlər müəyyən qədər cansıxıcı idi. Sonra işə çıxdıq Hazırda işə gedib-gəlirəm. Amma karantin dövründə bir xeyli kitab oxumuşam. Sənədli filmlərə baxmışam. Hətta illər əvvəl oxuduğum bir neçə kitaba yenidən qayıtdım. Tərcümələr elədim. Yəni, həmin zaman kəsiyini özüm üçün məhsuldar və maraqlı keçirməyə çalışdım. Bu müddət ərzində yeni şeirlərimə göz gəzdirdim. Ən əsası, bu iki ay ərzində üçüncü kitabı çapa hazırladım".
Yazıçı Nicat Həşimzadə: "Dördüncü kitabımı çapa hazırlamağı düşünürəm. Bunun üçün ön satış kampaniyasına başlamışam. Türkiyənin köşə yazarlarını və siyasi tarixini oxuyuram. Paralel olaraq sufi ədəbiyyatını oxuyuram. Oxuduğum son bədii əsər Rasim Özdenörenin Gül yetişdirən adam romanı oldu. Ondan əvvəlsə Kobo Abenin "Qumların qadını" əsərini oxumuşdum".
Şair Ulucay Akif: "Əslində evdə qalmaq mənim çox ürəyimcədir. Düzü gəzməyi, dostlarla görüşməyi çox sevən adamam, amma bu müddət ərzində çox gözəl istirahət elədim, özümü toparladım. Maraqlı filmlər tapıb izləyirəm, həmçinin oxumaq istədiyim 1-2 əsər var idi ki, onları oxuyuram. Çarlz Bukovskinin "Poçt idarəsi", V.Hüqonun "Edama Məhkumun son günü" və Fransua Saqanın "Salam, kədər" romanları bu iki ayda oxuduqlarım arasından indi yadıma düşənlərdi. 3-4 gözəl şeir də yazdım bu müddətdə. İkinci kitabımı hazırladım, qalıb təkcə çap eləmək. Yəni hər şey gözəldi və daha da gözəl olacaq!".
Şair Fərid Hüseyn: "Bu müddət ərzində Anna Karenina" romanı haqqında yarımçıq qalmış kitabımı tamamladım. Svetlana Boymun 5 kitabını oxudum".
Yazıçı Rəvan Cavid: "Virus dövründə yarımçıq qoyduğum kitablara qayıtmaq fürsəti tapdım. Uzun zamandır baxmaq istədiyim filmləri izlədim. Xüsusən yeni dalğadan olan rejissorları. Ən sevdiyim rejissor Bela Tarrın bütün filmlərinə təkrar baxdım. Tərcümə ilə məşğul oldum. Önəmli bir neçə yazıçının həyatı haqqında geniş araşdırmaları tərcümə etmişəm. Bədii yaradıcılıq bir o qədər yaxşı olmadı. Məni sıxır karantin. Həm də şəhərdən uzaq olanda darıxıram. Üç yeni şeir yazdım sadəcə. Bir də çoxdandı nəşrə hazırladığım romanıma təkrar göz gəzdirdim. Düzü, onu da rahatlıqla işləyə bilmədim. Özümü qəfəsdə hiss edirəm. Nəsə çatışmır sanki. Conatan Safran Foerin üç romanını, Şərq ədəbiyyatı haqqında araşdırmaları, bir də mifologiyadan bəhs edən kitabları oxudum".