Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 10:16
Bakı. Trend:
Energetika Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak və Energetika nazirinin müavini, Beynəlxalq Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyev arasında videokonfrans keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş 2020-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi dövründə təşkilat qarşısında nəzərdə tutulan məsələlərin həlli məqsədilə təşkil edilib.
Videokonfransda 2020-ci ilin 16-17 dekabr tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan “Hər kəs üçün enerji effektivliyi: İnnovasiyalar və İnvestisiyalar” mövzusunda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransının texniki təşkilati məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. COVID-19 pandemiyasının təşkilatın 2020-ci il üzrə nəzərdə tutulan fəaliyyətinə təsiri qiymətləndirilərək, Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinin hazırki vəziyyəti nəzərdən keçirilib, Modernizasiya, İcra, İdarəetmə və Strategiya qruplarının işinin təşkili, sənədlərinin təsdiqlənməsi və iclaslarının keçirilməsi məsələləri müzakirə edilib.
Videokonfransda Beynəlxalq Enerji Xartiyasının səlahiyyətli nümayəndələri və Energetika Nazirliyinin aidiyyəti struktur bölmələri də iştirak edib.