Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 16:30
Bir vaxtlar sakinlər liftlərin köhnəliyindən, istifadəyə yararsız olmağından şikayət edirdi. Amma artıq bir müddətdir ki, paytaxtda əksər binalarda liftlər dəyişdirilib, müasirləri ilə əvəz olunub. Amma bəzi sakinlərin bu liftlərdən düzgün istifadə etməməsi və yaxud da təyinatına görə istifadə olunmaması liftlərin tez-tez xarab olmasına, sıradan çıxmasına səbəb olur.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Liftlər həddindən artıq pis idi. Dəfələrlə hadisələr olurdu, liftdə adam qalırdı".
Sakin: "Ağıllı istifadə etmək lazımdır. Yəni birdən-birə acgözlük edib lifti dolduranda elə olur. Təmir edir, daşları doldurur, yükü doldurur liftə. Belə olanda, əlbəttə, zay edirlər lifti, sıradan çıxarırlar".
Mütəxəssislər deyir ki, bu cür problemlər əksər hallarda liftlərin təyinatına görə istifadə olunmamasından baş verir. Belə ki, əksər sakinlər sərnişin liftində yük daşıyır. Bir də liftdən istifadə edərkən, onun texniki göstəricilərini nəzərə almaq lazımdır.
Nazim Allahverdizadə - Mütəxəssis: "Hər bir liftin yükgötürmə qabiliyyəti, onun kabinəsinin döşəməsinin sahəsinə görədir. Döşəmə sahəsi, misal üçün, 0.9 metr kvadrat olanda, demək ki, o 4 nəfər daşımaq üçün nəzərdə tutulub. Bura çalışıb 5-6-7 nəfər minəndə o lift sürətini artırıb gedib liftin şaxtasında buferin üzərinə dayanacaq. Artıq yüklənmə olmaz".
Vidadi Bədəlov - FHN rəsmisi: "Onların sıradan çıxmasına səbəblər həm sakinlər tərəfindən, həm də xidmət edən servis tərəfindən ola bilər. Yəni vaxtı-vaxtında liftlərə servis xidməti göstərilməlidir ki, onlar sıradan çıxmasın.
FHN rəsmisinin sözlərinə görə, hər bir lift ayda azı 1 dəfə aidiyyətı qurum tərəfindən yoxlanmalıdır. FHN isə ildə 1 dəfə yoxlama aparıb, liflərin istismarına icazə verir.
Vidadi Bədəlov - FHN rəsmisi: "Elə olur ki, onların burazlarında problem olur. Sərnişinlərin təhlükəsizliyi pozulursa, onların istismarı dayandırılır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra istismarına icazə verilir".
Qeyd edək ki, paytaxtda 170 çoxmənzilli binada 580-dən çox lift dəyişdirilib.