Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 11:44
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə aparılan sorğudan belə bir nəticəyə gəlmək olar ki, onlar koronavirus pandemiyası dövründə məhsul ixracı sahəsində heç bir problemlə rastlaşmayıblar.
Bunu Trend-ə Assosiasiyanın sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, 2020-ci ilin yanvar ayından bu günədək Azərbaycandan müxtəlif ölkələrə təqribən 2 min tona yaxın 2 milyon ABŞ dolları həcmində nar meyvəsi, təqribən 160 ton və dəyəri 190 min dollar olan nar konsentratı, həmçinin, təxminən 6 milyon dollar dəyərində ümumi çəkisi təqribən 3 700 ton olan nar şirəsi ixrac olunub:
“Rəqəmlərdən də göründüyü kimi vitamin C və digər faydalı minerallarla zəngin olan nar və nardan hazırlanan məhsulların ixrac potensialı kifayət qədər yüksəkdir və bu tələbat artan silsilə ilə gedir. Bundan başqa, əldə olunan məlumatlara görə təəssüf hissi ilə bildirmək istərdim ki, digər ölkələrdən yeni salınmış bağlar üçün nar tingləri idxal olunur. Lakin Azərbaycanın yerli nar sortlarının təbiliyi, təravəti idxal olunacaq tinglərin yerli tinglərlə əvəz olunmasının zəruri olduğunu deməyə əsas verir.
Koronavirus pandemiyasının mövcud olduğu bir dövrdə dövlət tərəfindən ixrcatçılar üçün görülən təxirəsalınmaz tədbirləri, cənab Prezidentin göstərişi ilə bir sıra dövlət qurumlarının, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər qurumların fasiləsiz iş rejimində çalışmasını Assosiasiya üzvləri adından müsbət qiymətləndirir və öz təşəkkürümüzü bildiririk”.
Fərhad Qaraşov vurğulayıb ki, yüksək ixrac potensialına malik Assosiasiya üzvləri ilə sorğudan belə bir nəticəyə gəlmək olar ki, onlar məhsul ixracı sahəsində heç bir problemlə rastlaşmırlar:
“Lakin postpandemiya dövründə ixrac olunacaq ölkələrdə alıcıların istehlak qabiliyyəti hələ ki tam olaraq məlum deyil və bu sahədə müəyyən problemlər yaşana bilər. Bakı şəhərində Türkiyədən gətirilən soyuducu anbarlarda saxlanılan az miqdarda, təqribən 2 tona yaxın türk narının olduğunu müşahidə edirik. Lakin yerli narın alıcılıq qabiliyyətini nəzərə alsaq, bu nar artıq alıcılar tərəfindən o qədər də qəbul edilmir. İndi may ayının sonlarıdır və nar ağacları özlərinin ən gözəl ilk çiçək açma dövrünü yaşayır. Fermerlər bağlarda budama, dərmanlama, gübrələmə və suvarma işlərini ardıcıl yerinə yetirirlər.
Həmçinin fermerlərimiz və istehsalçılarımız tərəfindən dərman və gübrələrin əldə olunması sahəsində də heç bir problem yaşanmır. Dövlətimizin pandemiyaya qarşı apardığı mübarizə nəticəsində tez bir zamanda bu problemin həll olunacağına inanır və bu il məhsuldarlığımızın əvvəlki ilə nisbətən artacağına ümid edirik”.