Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 17:30
Bakı. Trend:
2020-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 may – Respublika Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda elmi konfrans keçirilib.
MDU-dan Trend-ə bildirilib ki, Microsoft Teams platforması üzərindən virtual formatda keçirilən konfransda MDU-nun professor-müəllim heyəti üzvləri və tələbələri iştirak ediblər.
Konfrans iştirakçılarını 28 may – Respublika Günü münasibətilə təbrik edən MDU-nun rektoru Şahin Bayramov qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri tariximizin şərəfli bir dövrünə çevirdiyini bildirib. O, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində Müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi uğur olduğunu qeyd edib.
.Bayramov cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldığını xatırladıb. O, Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “...Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur...” fikirlərini bölüşən Ş.Bayramov ölkə başçısının müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini bildirib.
Sonra MDU əməkdaşlarından kafedra müdiri Esmira Cəfərova “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda, fakultə dekanı Nizami Zeynalov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda və baş müəllim Gülər Əjdərzadə “Müsəlman Şərqinin ilk Cümhuriyyətinin varisi – müstəqil Azərbaycan Respublikası” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə mövcud tarixi şəraitdə cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlər dili elan edilməsi, milli ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi, Bakı Dövlət Universitetinin əsasının qoyulması, hazırda müstəqil Azərbaycanın davamlı olaraq güclənməsi və digər məsələlərdən bəhs olunub.
Konfrans öz işini mövzu ətrafında geniş müzakirələrlə davam etdirib.