Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 14:34
Həyatımda ən əziz adamımı, anamı koronavirusdan itirdim. Cəhənnəmi görüb qayıtdım, amma hələ də bəzi insanlar bu xəstəliyin mövcudluğuna inanmır.
Sonxeber.net bildirir ki, bu sözləri oxu.az-a müsahibəsində bir müddət əvvəl koronavirusa yoluxan idman jurnalisti, "Supersport.az" idman portalının baş redaktoru Anar Cəfərsoy deyib.
Onun və anasının koronavirusa yoluxması xəbəri sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi insanlar bu məsələyə ciddi yanaşsa da, bir qrup şəxs hələ də xəstəliyin mövcud olmadığını iddia edir. Anar Cəfərsoyun anası koronavirusdan vəfat edib, özü isə bu xəstəlikdən sağalanlar sırasındadır.
Koronavirusdan sağalan Anar Cəfərsoyla müsahibəni təqdim edir:
- Sizin koronavirusa tutulduğunuzla bağlı məlumat ilk olaraq sosial şəbəkədə yayıldı. Necə oldu ki, xəstəliyə yoluxdunuz?
- Mayın ilk həftəsində bu xəstəliyə yoluxduğumu anladım. Əslində, virusa ilk olaraq anam yoluxmuşdu. Mən Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayıram. Anam isə Nəsimi rayonunda qalırdı. Onun vəziyyəti yaxşı olmadığı üçün yanına getmişdim. Hərarəti vardı, halsız idi. Anamın yanaşı xəstəlikləri olduğu üçün müalicə alırdı. Amma koronavirus ola biləcəyini düşünməmişdik. Həmin gün ehtimal olaraq düşündüm ki, immuniteti zəifdir, koronovirus tuta bilər. Təcili tibbi yardım çağırdım. Həkimlər gəldi və analiz götürdülər. Cavablar çıxana qədər izolyasiya şəraitində evdə qaldıq. Heç kimlə əlaqəmiz olmayıb.
- Cavablar neçə günə çıxdı?
- Əslində, cavablar bir az gecikdi - beş gündən sonra COVİD-19 testinin cavabı müsbət çıxdı. Bundan sonra, mayın 15-də anam təcili tibbi yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldı. Orada müalicəsinə başlanıldı, diaqnozunun pnevmoniyanın ən kəskin forması olduğu bildirildi. Virus qana keçdiyi üçün anamı dərhal reanimasiya şöbəsinə yerləşdirdilər. Nəfəs ala bilmirdi, çox güclü öskürəyi, hərarəti olurdu. Anamın vəziyyəti ilk gün ərzində bir qədər yaxşılaşdı. Yemək yeyə, normal nəfəs ala bilirdi. Onun yanında olduğum üçün məndən yenidən analiz götürüldü. İlk dəfə neqativ çıxsa da, ikinci testin nəticəsi müsbət oldu. Mən müalicəmə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında başladım. Anamın səhhəti ilə bağlı maraqlanırdım, amma vəziyyəti qəflətən ağırlaşdı və məcburiyyət qarşısında onu "Yeni klinika"ya apardılar. Orada reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşuldu. Bir müddət sonra isə onu Mərkəzi Neftçilər Xəstəxanasına göndərdilər. Mayın 15-dən 28-nə qədər anamı görə bilmədik. Anamın orqanizmində paralel gedən xəstəliklər (şəkər, böyrək problemləri və s.) baş qaldırdı və bu səbəbdən ayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi. Düşünürəm ki, həkimlər əlindən gələni etdilər. Amma onu xilas etmək mümkün olmadı. Mən isə öz müalicəmi davam etdirdim.
- Allah ananıza rəhmət eləsin. Siz özünüz xəstəliyə yoluxduğunuz dövrdə özünüzü necə hiss edirdiniz?
- Həddən artıq yorğunluq, halsızlıq hiss edirdim, hərarət olurdu. Gün ərzində bir neçə dəfə hərarətimi ölçürdülər. Mən Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının 11-ci mərtəbəsində palatada müalicə alırdım. İnanın, bu, o qədər ağır xəstəlikdir ki, ifadə edə bilmirəm. Düşünün ki, nəfəs ala bilmirsiniz. O acizliyi təsəvvür edə bilirsiniz? Həkimlərin əməyini də danmaq olmaz. O qədər güclü öskürürdüm ki, az qalırdı ciyərlərim çıxsın. Elə bilirdim ki, ciyərimə daş çırpırlar. Xroniki yorğunluq var idi. O ağır vəziyyətdə həkimlər bizə çox kömək edirdi. Təlaşa düşməyə qoymurdular. Bu, xəstə üçün çox önəmlidir.
- Reanimasiya şöbəsində saxlanıldınız, yoxsa necə?
- Xeyr, normal palatada müalicəmi iki həftə davam etdirdim. Bu xəstəliyin konkret müalicəsi olmadığı üçün bir qədər çətinlik çəkirdik. Gündə 6-7 dəfə sistem qoşulurdu. Dərmanları bir gün qəbul etməyəndə vəziyyətimdə ağırlaşma hiss edirdim. Amma müalicə müddətində səbirli olmaq lazımdır. Özünüzü qorxutmayıb, sakitliyinizi qorumalısınız.
- Xəstəxanada olduğunuz müddətdə, yəqin ki, heç kimlə görüşməyə icazə verilmirdi. Evə buraxılanda necə oldu?
- Sonuncu iki analizin nəticəsi neqativ çıxdıqdan sonra, iyunun 2-də evə buraxıldım. Amma təlimat verildi ki, bir ay müddətində heç kimlə ünsiyyətdə olmayım. Ev şəraitində təcrid tətbirlərinə davam edirəm. Bu da müalicənin bir dövrü kimi aparılır. Bu gün vəziyyətim stabildir. Bir qədər haqlsızlıq hiss edirəm, amma güclü öskürək, yüksək hərarət yoxdur. Kifayət qədər çəki itirmişəm. Üstəlik, anamın itkisi ilə bağlı psixoloji travma aldım. Ümid edirəm, ikinci dəfə yoluxma yaşamaram. Mən evdən çıxıb anamın yanına getdiyim gündən bu günə qədər (təxminən iki ay) heç kimlə ünsiyyətdə olmamışam. Həkimlər çox az ehtimalla ikinci yoluxmanın ola biləcəyini də vurğuladılar. Amma bu günə qədər bir insanın iki dəfə koronavirusa yoluxması faktı müşahidə edilməyib. Mən həmişə deyirdim ki, yoluxmaram, amma bu baş verdi. Virus elə bir şeydir ki, varlıya, kasıba, vəzifəliyə baxmır. İnsanı məhv edir. Əhaliyə tövsiyə edirəm ki, inamsızlıq etməsinlər, maska taxsınlar. İstəmərəm ki, iki həftə ərzində mənim çəkdiyim əzabı başqa kimsə çəksin.
- Bəzən koronavirusa yoluxan şəxslərdən qorxub, onlardan uzaq durmağa çalışırlar. Bu çətin dövrdə sizə kimlər dəstək oldu?
- Televiziya kanalları, media nümayəndələri, jurnalist həmkarlarım məni tez-tez yada saldılar. Bu məsələdə məni tək qoymadılar. "Qarabağ" klubunun baş məşqçisi, nümayəndələri vəziyyətimlə çox maraqlandılar. Bundan başqa, Azərbaycan İdman Jurnalistləri Federasiyasından mənə mənəvi dəstək oldular və 300 manat maddi yardım etdilər. Dəstək olan hər kəsə təşəkkür edirəm, tək-tək hər birinin adını çəkə bilmirəm.
Bütün bunları koronavirusa yoluxaraq müalicə olunan şəxs deyir. Bu da virusun nə dərəcədə acınacaqlı fəsadlar törətdiyini bir daha sübut edir. Hazırkı vəziyyəti nəzərə alaraq, insanların qarşıdakı dövrdə koronavirusdan qorunmaları, tibbi maskadan istifadə etmələri vacibdir.
Xatırladaq ki, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.