Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1998-2019-cu illərin yay aylarında BU ÇAYLARIN quruması müşahidə olunub

1998-2019-cu illərin yay aylarında BU ÇAYLARIN quruması müşahidə olunub

Tarix: 7 Iyun 2020 22:18

Bakı. İlhamə İsabalayeva - Trend:

1998-2019-cu illərin yay aylarında hövzəsinin hündürlüyü o qədər də yüksək olmayan Ataçay, Sumqayıtçay, Ceyrankeçməzçay, Cəngiçay, Pirsaatçay, Mətələçay, Şabrançay, Göytəpə və s. kiçik çayların quruması müşahidə olunub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Xidmətinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, həmin çayların hövzələrində rütubətlənmə şəraitinin zəif olması, bu çayların axınının əsasən mövsümi yağış suları hesabına formalaşması səbəbindən onların quruması müşahidə edilib.

A.Verdiyev qeyd edib ki, 1998, 2000, 2006, 2010, 2014, 2017 və 2019-cu illərdə ölkədə isti yay dövrü müşahidə olunub və həmin illər quraq illər kimi səciyyələnib. Bu da həmin illərin yay dövründə əksər kiçik çayların hövzəsində buxarlanmanın yüksək olması və sululuğun çoxillik norma ilə müqayisədə kəskin azalması ilə nəticələnib. Bu zaman bəzi çaylarda sululuq aylıq normanın 9-20%-i həcmində olub:

"Respublika çaylarının axımının formalaşmasında qar, yağış, buzlaqlar və yeraltı sular əsas rol oynayır. Yay dövründə düşən yağıntının miqdarının az və havanın temperaturunun yüksək olması nəticəsində çayların hövzələrində buxarlanmanın da yüksək olması sululuğun kəskin azalmasına səbəb olur. Eyni zamanda yay dövründə suya olan təlabatla əlaqədar dağ çaylarının yuxarı axınında sudan istifadə nəticəsində çayların suyu kəskin azalır və kiçik çayların quruması müşahidə olunur".

A.Verdiyev qeyd edib ki, bu il Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində qar ehtiyatları çoxillik normadan az olub. Aparılan kompleks təhlilləri, o cümlədən qarda olan sululuğu, havanın şəraitini nəzərə almaqla bu ilin gursululuq dövründə respublika çaylarında sululuğun ötən ilin gursululuq dövründə olduğu kimi az sulu olacağı proqnozlaşdırılıb:

"Əvvəlcədən xəbər verildiyi kimi aprel ayında əksər çaylarda sululuq normadan az olub. Yalnız Böyük Qafqazın bəzi çaylarında sululuq çoxillik normaya yaxın olub. May ayında da yerli və qonşu ölkələrin ərazisində formalaşaraq ərazimizə daxil olan tranzit çaylarda sululuq normadan az olub".


Etiketlər:  1998 2019 illərin aylarında ÇAYLARIN quruması müşahidə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ