Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:55
Pandemiya dövründə Azərbaycanda toy məclislərinin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bir çox insan ailə həyatı qurmaq üçün restoran və şadlıq evlərində toy məclislərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasını gözləyir.
Nazirlər Kabineti yanında Operativ Qərargah toyların keçirilməsi ilə bağlı mümkün variantları səsləndirməsə də, ictimaiyyətdə məhdud sayda insanın iştirakı ilə toy məclislərinin keçirilməsi ən çox müzakirə olunan məsələlərdən biridir. Aktrisa, Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı açıqlamasında bildirdi ki, mövcud vəziyyətdə 50-70 nəfərlik toyların keçirilməsinə icazə verilsəydi, yaxşı olardı:
"Koronavirus ümumi bir bəladır. Amma toylara qoyulan qadağa, əlbəttə, böyük bir insan kütləsinə ziyan vurur. İfaçılarımız, musiqiçilərimiz və digər insanlar hamısı toylarla dolanırlar və onlar indi çətin durumdadırlar.
Mövcud vəziyyətdə 50-70 nəfərlik toyların keçirilməsinə icazə verilsəydi, yaxşı olardı. Toyların olmamasındansa, belə keçirilməsi yaxşı olardı. Amma bu da var ki, 50-100 nəfər ya oğlan, ya da qız evi olur. Yenə də olmamasından yaxşıdır. Azərbaycan xalqında adət-ənənə belədir ki, hamı qohum və əqrabalarını toy məclislərinə dəvət edirlər.
İndiki vəziyyətdə açıq havada toyların keçirilməsi daha yaxşı olardı. Dövlət tərəfindən edilən güzəştlər sayəsində iri restoran və şadlıq saraylarındakı 500-600 nəfərlik salonlarda 200-250 nəfərlik toy məclislərinin keçirilməsi məqsədəuyğun olardı. Belə olan təqdirdə sosial məsafə gözləmək də mümkün olardı. Burada qonaqlar maska da taxa bilər və restoranların zalındakı hündürlük də kifayət qədərdir.