Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 20:51
Bakı. Trend:
2020-ci il 12 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak edirblər.
MDU-dan Trend-ə bildirilib ki, tədbiri açan MDU-nun rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsi tarixini xarakterizə edən 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Müstəqilliyin ilk iki ilində ölkədə xaos baş verdiyini, ciddi iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edən Ş.Bayramov xalqın təkidli çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtmasını Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi daxil olduğunu bildirib. Ş.Bayramov öz şəxsi həyatını böyük risk altına qoyan Heydər Əliyevin sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxdığını və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.
Rektor qədərbilən Azərbaycan xalqı tərəfindən Ümummilli Lider, Ulu Öndər, Xilaskar kimi dəyərləndirilən Heydər Əliyev siyasətinin və ideyalalarının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizin dünya birliyindəki mövqeyinin davamlı möhkəmlənməsini vurğulayan Ş.Bayramov koronavirusla mübarizə sahəsində Azərbaycanın qlobal miqyaslı fəaliyyətinin hər bir vətəndaşımızda fəxarət hissi doğurduğunu qeyd edib.
Sonra konfransda məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından İlham Məmmədov “Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində Milli Qurtuluşun bünövrəsini qoydu” mövzusunda, Şəlalə Quliyeva isə “Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev: dahi siyasətçi və müasir Azərbaycanın qurucusu” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun nitqi söyləyən Ş.Bayramov Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması baxımından bu tipli elmi konfransların davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb.