Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 22:12
1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42‑ci sessiyasında 31 May Ümumdünya Tütünsüz Günü elan olunub.
Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il bu gün ictimaiyyət tütündən istifadənin təhlükələri, tütün epidemiyasına qarşı aparılan mübarizə, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması barədə maarifləndirilir.
Pandemiya dövründə bu məsələ daha da aktualdır. Çünki, siqaret, digər tütün məhsullarından istifadə edənlərdə koronavirusa yoluxma riski digərlərindən dəfələrlə çoxdur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında da bildirilir ki, siqaret çəkməyin insan beyninə olan ən önəmli zərəri, insult keçirmə riskini artırmasıdır. İnsult beyni qidalandıran damarların tıxanması və ya yırtılaraq qanaması nəticəsində beynimizin zərər gördüyü ölüm və ya iflic ilə nəticələnən hadisədir.
Bildirilib ki, siqaret çəkilərkən tənəffüs yollarında, ağciyərlərdə müxtəlif xəstəliklər əmələ gəlir. Bunlara ağciyər xərçəngi, xroniki bronxit, astma, müxtəlif infeksiyalar, hətta allergik xəstəliklər aiddir. "Uzun müddət tütün məhsullarından istifadə etmək ürək xəstəlikləri və insult keçirmə riskini 2-4 dəfə artırır. Siqaret mədənin ifrazını artırır və mədə xorası, mədə xərçənginin inkişafını asanlaşdırır. Siqaret çəkənlərin çəkməyənlərə nisbətən mədə və bağırsaq xərçənginə tutulma riski 2 dəfə çoxdur. Siqaret çəkənlərdə çəkməyənlərə nisbətən görmənin itirilməsi riski 2 qat daha çoxdur. Bunun səbəbi də tütündən çıxan tüstünün gözlərə pis təsiri gözə gedən qan damarlarının tıxanma təhlükəsidir,-deyə məlumatda qeyd olunub.
Məlumatlara görə, hər il dünyada təxminən 8 milyon nəfər "tütün epidemiyası"nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçisidir. Siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatında isə bildirilir ki, ÜST tütün sənayesinin 13-17 yaşlı uşaqlarda tütünə aludəçilik yaratma fəaliyyətlərinə qarşı yeni kampaniyaya start verib.