Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 12:22
Dünən paytaxt Bakıda tətbiq edilən ikigünlük növbəti sərt karantin rejiminin ilk günü idi.
Sonxeber.net bildirir ki, oxu.az-ın fotoqrafı növbəti sərt karantin rejiminin ilk günündə paytaxt küçələrindəki vəziyyəti kameranın yaddaşına köçürüb.
Paytaxtın mərkəzi küçələri, əsas prospektlərində karantin postları qurulub. Sərt karantin rejimi çərçivəsində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
Küçələrdə yalnız "icaze.egov.az" portalından qeydiyyatda keçmiş, icazəsi olan məhdud sayda şəxslərin və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Çəkiliş zamanı ev itlərini gəzdirməyə çıxan sakinlərə də rast gəldik. Operativ Qərargahın təlimatlarına uyğun olaraq, sərt karantin günlərində əhalinin itlərini gəzdirməsi üçün məhdudiyyət yoxdur. Lakin bu vəziyyətdən sui-istifadə edilməsi yolverilməzdir. Paytaxt sakinləri itlərini yaşadıqları evlərin yaxınlığında qısa müddətlik gəzintiyə çıxara bilər.
Bakının mərkəzi küçə və prospektlərində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və Daxili Qoşunların hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edib.
Sərt karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində isə qanunamüvafiq şəkildə tədbirlər görüləcək.
Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi tətbiq olunur.