Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 16:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han və UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ən həssas vəziyyətdə yaşayan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün yeni birgə təşəbbüsü təqdim edib.
UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Aİ-nin 3 milyon avro vəsait ayırdığı bu təşəbbüs səhiyyə, qidalanma, erkən uşaqlıq dövründə inkişaf (EUDİ), inklüziv təhsil, uşaqların müdafiəsi, uşaqların və gənclərin inkişafı sahəsində keyfiyyətli icma və ailə-əsaslı inteqrasiya olunmuş social xidmətlərə çıxış imkanlarının genişlənməsinə dəstək olacaq.
Azərbaycanda Aİ ilə UNİCEF arasında həyata keçirilən yeni əməkdaşlığın mühüm hissəsini qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsi təşkil edir.
UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, məqsəd keyfiyyətli xidmətləri daha çox uşaq, gənc və onların ailələrinin yararlana bilməsi üçün icmaların daxilinə gətirməkdir.
Onun sözlərinə görə, bu təşəbbüs bütün ölkədə vəziyyəti sosial baxımdan həssas olan uşaqlara geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində icma əsaslı təşkilatların inkişafına kömək edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin