Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz yenə də ən pis ssenariyə hazır olmalıyıq''

''Biz yenə də ən pis ssenariyə hazır olmalıyıq''

Tarix: 19 Iyun 2020 12:33

"İyunun 16-da "Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft" şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans olduqca maraqlı, vacib və əhəmiyyətli hesab olunur". 

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.

O, lisenziyalı proqram təminatının tətbiqi və piratçılığa qarşı Azərbaycanın artıq müəyyən addımlar atdığını bildirib:

"Danılmaz bir faktdır ki, qloballaşan dünyada yaşayırıq və qloballaşan dünyada informasiya texnologiyaları bütün sahələrdə olduğu kimi iqtsadiyyata da nüfuz edib. İnformasiya texnologiyalarının bu gün inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat və kiberbiznesin yaradılması məcburi hal alıb və ən vacib hala gətirilib. Bu baxımdan keçirilən görüşün müzakirə mövzularını bir neçə istiqamətdə şərh etmək daha yaxşı olar. İlkin olaraq qeyd etmək istəyirəm ki, xüsusi əhəmiyyət kəsb edən mövzulardan biri lisenziyalı proqram təminatının tətbiqi və piratçılığa qarşı aparılan müzakirədir. Bu istiqamətdə Azərbaycan artıq müəyyən addımlar atıb. Bildiyiniz kimi artıq bir sıra dövlət və özəl müəssisələrdə xüsusi lisenziyalı proqram təminatı istifadə edilir. Bu isə rəqəmsal iqtisadiyyata trasnformasiyada fundamental və əsas məsələ hesab olunur ki, müəyyən qədər də olsa biz bunun öhdəsindən gələ bilmişik. İkinci önəmli mövzu neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid prosesiylə bağlıdır. Rəqəmsal transformasiya üzrə hökümət strategiyasının hazırlanması da bu prosesin sürətlənməsinə xüsusi təkan verəcəkdir. Dövlət rəsmiləri də bildirdilər ki, artıq bu startegiyanın üzərində işlənilir və bu növbəti 5 il üçün nəzərdə tutulub. Bu isə təbii resurslardan asıllılığı azaldacaq. İnnovativ texnoloji və maddi idarəçilik əsasında dayanıqlı inkişafa səbəb olacaq. Adicə, bu gün müəyyən dərəcədə ölkə səviyyəsində tətbiq edilən elektron ticarəti, elektron informasiya emalı istifadəçisi, elektron maliyyə və vergi sistemini, elektron hökümət sistemini, elektron bankçılıq və sığortaçılıq sistemini düşünün. Görün nə qədər effektiv, rahat, optimal bir yoldur. Düşünürəm ki, Azərbaycan bu çərçivədə sadəcə "Microsoft" şirkəti ilə deyil, digər informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat və şirkətlərlə də əməkdaşlıq etməlidir. Təbii ki, biz əgər kiberiqtisadiyyat və kiberbiznes modelinə keçid etməyi hədəfləmişiksə, kibertəhlükəsizlik strategiyalarımızı da formalaşdırmalıyıq. Bu kimi hallarda biz bütün baş verəcək problemləri göz önündə tutmalıyıq və problem baş vermədən dövlət səviyyəsində xüsusi kibermühafizə və təhlükəsizlik məsələləri həll olunmalı, daim gündəmdə saxlanılmalı və bunlar üçün müəyyən altyapı qanunları, fundamental baza qanunları hazırlanmalıdır". 

Ekspert pandemiya səbəbindən elektron tədrislə yanaşı, elektron imtahan, elektron tələbə qəbulu, elektron təlimlər və bu kimi sistemlərin tətbiqinin həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib:

"Bilirik ki, hazırda bütün dünya ölkələri bütün iradəsini, bütün resuruslarını pandemiya ilə mübarizəyə yönəltməyə çalışır. Bu əsnada pandemiyanın elm və təhsil sahəsinə vurduğu ziyandan da danışmamaq mümkün deyil. Videokonfrans zamanı da bu xüsusi olaraq müzakirə edildi və distans təhsilin tətbiqi günümüz üçün ən aktual mövzulardan hesab edildiyi bildirildi. Təhsilin pandemiya ilə əlaqədar olaraq dayandırılması, eyni zamanda distans təhsil sisteminə keçid bizi müsair, fərqli proqramların istifadəsinə məcburi olaraq yönəltdi. Belə ki, artıq dövlət təhsil müəssisələrində, universitetlərdə, orta məktəblərdə, müəyyən təlim-tədris müəssisələrində "Microsoft Teams" proqramı vasitəsilə təlim-tədris prosesinin davam etdirilməsi həyata keçirildi. Təbii ki, biz yenə də ən pis ssenariyə hazır olmalıyıq. Bu, hələ də son demək deyil. Elektron tədrislə yanaşı, elektron imtahan, elektron tələbə qəbulu, elektron təlimlər və bu kimi sistemlərin tətbiqinin həyata keçirilməsinin tərəfdarıyam və təklifim də elə bunun üzərindədir. Görüş zamanı son olaraq səsləndirilən bir nüans xüsusi diqqət çəkdi. Bu da Silikon vadisi prototipini Abşeronda yaratmaqdır. Məncə əla bir təklifdir. Niyə də yox. Bunun üçün xarici ölkələrdə yetəri qədər informasiya texnologiyaları sahəsində təhsil almış gənc mütəxəssislərimiz var. Bu prosesi həyata keçirmək üçün yetəri qədər resursumuz var. Sadəcə, əlimizdəki imkanları səfərbər edib istədiyimiz hədəfə nail olmalıyıq. Bunun üçün də biz beynəlxalq təcrübələrdən yararlanmalıyıq. Düşünürəm ki, "Microsoft"la bu təcrübəni paylaşmaq da bizim üçün əhəmiyyət kəsb edir. Abşeron vadisinin yaradılması eyni zamanda rəqəmsal iqtisadiyyatın sürətlə inkişafına təkan verəcəkdir. Bu, həm də gənclərin elektron startaplara olan həvəsi üçün bir təşviqat da hesab oluna bilər. Bəs, biz bunun üçün konkret hansı addımları atmalıyıq? - Birinci növbədə böyük və beynəlxalq banklarla əməkdaşlıq artırılmalıdır, perespektivlərə nəzər yetirilməlidir. Eyni zamanda beynəlxalq bankların ölkəyə və bu sahədə fəaliyyətə, startaplara investisiyaları cəlb olunmalıdır. İkinci olaraq, elektron sistemlərin qurulması üçün elektron bankçılıq, elektron maliyyə sistemi, elektron sığorta və s. bu sistemlərin qurulması üçün baza-fundamental qanunları təkmilləşdirilməlidir və bu qanunlar üzərindən fəaliyyət tənzimlənməlidir, startaplara olan investisiyaların həcmi artırılmalıdır və ən önəmlisi isə xaricdə təhsil almış gənclərimizin Azərbaycana geri dönüşünü təmin etmək, bu sahədə fəaliyyətlərini tənzimləmək, artırmaq və beyin axınının qarşısı alınmalıdır". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  yenə ssenariyə hazır olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ