Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 hakim və 2 məhkəmə sədri barəsində intizam icraatı başlanıb - FOTO

5 hakim və 2 məhkəmə sədri barəsində intizam icraatı başlanıb - FOTO

Tarix: 23 Iyun 2020 20:42

Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib. Xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası ilə bağlı tədbirlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə 2 yeni mühüm sənədin - Ali Məhkəmə tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının qəbul edildiyini, bu sahədə elektron proqram təminatının hazırlandığını bildirib.

Bunun hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsində, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində və fəaliyyətində ciddi pozuntulara yol verən şəxslərin müəyyən edilməsində mühüm praktik alət olacağı vurğulanıb.

Artıq yeni Qaydalarla fəaliyyəti qiymətləndirilməsi nəzərdə tutulan 100-dən çox hakim, o cümlədən 50-dək yuxarı instansiya məhkəmələrinin hakimləri barədə qiymətləndirmə prosesinin başlanıldığı bildirilib.

Fərmanla verilmiş tövsiyələrə uyğun olaraq məhkəmələrdə işlərin hakimlər arasında elektron qaydada bölgüsü, bu sahədə şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Distant formada, "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə təşkil edilən monitorinqlər zamanı aşkar olunan pozuntular 20-dən çox məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq, pandemiya şəraitinə baxmayaraq, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Masallı Rayon Məhkəməsinin inzibati binasının tikintisinin başa çatdırıldığı, Sumqayıt məhkəmə kompleksinin və Suraxanı Rayon Məhkəməsinin binalarının tikintisinin isə tezliklə yekunlaşacağı bildirilib.

Həyata keçirilən tədbirlər qısa müddətdə öz müsbət bəhrəsini verərək, hakimlərin özlərinə və məhkəmə əməkdaşlarına qarşı daha tələbkar olmaları ilə nəticələnib, bir çox neqativ halların aradan qaldırılmasına nail olunub.

Bununla belə bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.

İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.


Etiketlər:  hakim məhkəmə sədri barəsində intizam icraatı başlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ