Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 15:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Gədəbəy rayonunun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək və orada QİÇS xəstəliyi ilə bağlı məlumatlandırma işləri aparılacaq
Bunu Trend-ə "Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir.
V.Abdiyeva qeyd edib ki, QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. Buna görə də insanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var:
"Bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək vaxtında müayinədən keçmir. Halbuki, ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Buna görə də QİÇS-in profilaktikası hər bir insanın marağında olmalı, insanların məlumatlılığı artmalı, öz sağlamlığının qeydinə qalmalıdırlar. Bu məqsədlə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında seminar həyata keçirəcək. Seminarın məqsədi əhalinin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir. Tədbirdə QİÇS-lə bağlı əhali daha çox məlumat əldə edəcək, onun səbəb olduğu xəstəliklərin fərqinə varacaq, QİÇS müayinəsindən keçiriləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin