Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 13:00
Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi "COVİD-19 pandemiyasından sonrakı mərhələyə qlobal baxış, nəticə və təkliflər” adlı hesabat hazırlayıb.
Bu barədə Trend-ə MÜSİAD-dan bildiriblər.
Hesabat “Pandemiya və yaratdığı vəziyyətə ümumi baxış”, “Pandemiya dövrü” və “Postpandemiya dövrü” başlıqlı üç hissədən ibarətdir.
“Hər bir iqtisadi vahid ödəmələrini təxirə salır və qeyri-müəyyənliyin aradan qalxmasını gözləyir. Bu isə qeyri-müəyyənliyin müddətini uzadır” deyə hesabatda bildirilib.
MÜSİAD hesabatında pandemiya dövründə şirkət rəhbərlərinin diqqət etməli olduqları 4 əsas istiqaməti qeyd edib.
Hesabatda "COVİD-19"un yaratdığı böhranın qlobal bir daralmaya səbəb olacağını və bu problemin dünyanın bütün şirkətlərində yaşanacağı vurğulanır.
Qeyd olunur ki, ilk növbədə şirkət rəhbərləri əməkdaşlarının təhlükəsizliyi və sosial rifahına önəm verməlidir.
Hazırlanan hesabatda pandemiya şəraitində yerli istehsalın əhəmiyyəti vurğulanır.
“Azərbaycan şirkətləri bu sahələri müəyyən etməli və ölkənin ehtiyaclarına cavab verən bir şəkildə işləməlidir” - deyə hesabatda qeyd olunur.
Hesabatda ölkələr arasındakı ticarətdə kağız sənədlərin mövcudluğunun ticarət prosesinə ciddi maneə yaratdığı və COVİD-19 dövründən sonrakı dövrdə dünya ticarətində rəqəmsallaşmanın daha təsirli şəkildə istifadə ediləcəyi gözlənildiyi və şirkətlərin buna hazır olmalı olduğu bildirilir.
Bununla yanaşı hesabatda informasiya təhlükəsizliyinin vacibliyi vurğulanıb və şirkətlərin etibarlı bir informasiya texnologiyaları sistemi yaratmalı olduğu qeyd olunub.
Hesabatla buradan tanış olmaq olar. (Hesabat)