Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 10:26
İyunun 28-də saat 09 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Qazax rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumatda bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.