Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 13:18
"Prezident İlham Əliyevin təşəbbüsünə razılıq verən 130 ölkə oldu. Ancaq Ermənistan elə bir çapda, elə bir geostrateji çəkidə deyil ki, etirazı, münasibəti bu təşəbbüsün qarşısını alsın".
Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə Ermənistanın qarşı çıxması qərarını şərh edərkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin verdiyi bu təşəbbüs beynəlxalq mühitdə özünəməxsus bir modeldir:
"Məsələ ondadır ki, Baş Assambleyanın əksəriyyəti, o cümlədən də Qoşulmama Hərəkatına düşən 120 dövlət bütövlüklə hamısı bu təşəbbüsə "Hə" deyirlər. Çünki indi dünya çapında sosial nizam son dərəcə aktual mərhələyə gəlib çıxıb. Koronavirus pandemiyasına görə izolyasiya rejimi həm dövlətlərin daxilində, həm beynəlxalq münasibətlərdə böyük geriləmələrə gətirib çıxarıb. Bütün bu proseslərin hamısında artıq geriləmələr qeydə alındı. Mənfi təsirlərin minimuma endirilməsi indi gündəlikdə son dərəcə aktual bir məsələyə çevrilib. Bu baxımdan da beynəlxalq təşkilatlar özləri maraqlıdırlar ki, ölkələr indi biraz dinamik vəziyyətə keçsinlər. Düzdür, heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək, sərhədlər nə vaxt açılacaq. Ona görə indi ümumiyyətlə beynəlxalq mühitdə Prezident İlham Əliyevin verdiyi o təşəbbüs böyük istəklə qarşılanır. Niyə? - Çünki bu, özünəməxsus bir modeldir. Yəni, pandemiya dövründə kollegial şəkildə liderlər, düşünən beyinlər, milli elitalar hamısı bir arada olsunlar və heç olmasa bu boşluqların bəzilərini aradan qaldırsınlar".
Politoloq qeyd edib ki, ən yaxın zamanda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD 19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsün reallaşmasının şahidi olacağıq:
"Hesab edirəm ki, Ermənistanın burada etiraz etməməsi ümumiyyətlə heç bir dövlətin, heç bir təşkilatın nəzərində olmayacaq. Ermənistan aydındır ki, Azərbaycanla düşmənçilik mövqeyini, düşmənçilik siyasətini həyata keçirir və çalışır ki, bzim bütün fəaliyyətlərimizi qaralasın, onların obrazını, imicini ləkələsin və s. Ancaq bu əbəs şeydir, çünki Azərbaycan rəhbəri ümumiyyətlə bu son 3-4 ay ərzində bir neçə dəfə vacib təşəbbüslər irəli sürdü və ilk növbədə, o, bildirdi ki, türkdilli dövlətlər bu ağır məqamda bir cərgədə olmalıdırlar, bir-birlərini dəstəkləməlidirlər, bir-birlərinə kömək göstərməlidirlər və ən azı bunların arasında gərək dialoq, münasibətlər, informasiya mübadiləsi qırılmasın. Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində artıq 40 ölkənin iştirakı ilə həyata keçmiş bir təşəbbüs idi. Orada da BMT-nin baş katibi, Baş Assambleyanın prezidenti, Afrika İttifaqının sədri, Avropa Birliyinin rəsmisi, bunlar hamısı iştirak etdilər və həmin təşəbbüsə öz dəstəklərini bildirdilər. Elə onda Prezident İlham Əliyev qeyd etdi ki, Baş Assambleya səviyyəsində yeni bir konfransın keçirilməsinə böyük ehtiyac var. Biz görürük ki, artıq 130 dövlət buna münasibətini bildirib. Mən elə başa düşürəm ki, bu istiqamətdə yol açıqdır və biz təbii ki, ən yaxın zamanda həmin bu təşəbbüsün reallaşmasının şahidi olacağıq".
Təhməz Təkin