Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

Vüqar Rəhimzadə: Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

Tarix: 1 Iyul 2020 16:03

"Bu gün dövlətimizin möhkəm təmələ əsaslanan siyasətinin nəticəsi olaraq bütün sahələr inkişaf, tərəqqi dövrünü yaşayır. Bu inkişafdan geri qalmayan, cəmiyyətimizin güzgüsü kimi dəyərləndirilən, reallıqların təbliğatçısı olan mətbuatımıza dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız da öz növbəsində bu diqqət və qayğıya cavab olaraq Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir".

Bu fikirləri Sonxeber.net-a açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, mətbuatın da inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Ümummilli Liderin Fərmanı ilə senzuranın ləğvi azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılmasını təmin etdi. Qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq Ümummilli Lider 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Baş redaktor bildirib ki, son 16 ildən çox dövrdə Heydər Əliyev siyasətinin bütün istiqamətlərdə uğurlu davamı mətbuatın inkişaf səviyyəsindən də aydın görünür: "Möhtərəm Prezidentimiz İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, bu gün hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası müasir dünyada, inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Dövlətimizin başçısının mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. 2005-ci ildən başlayaraq mətbuat işçilərinin təltif edilməsi ənənə halını alıb. 2010-cu ildə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncamın imzalanması da deyilənlərin bariz nümunəsidir. 2013-cü ildə ilk bina tikilib istifadəyə verildi və ikinci binanın təməli qoyuldu. Ənənəvi hal alan bu sərəncamlar 2013 və 2017-ci illərdə imzalandı. Artıq üçüncü binanın tikintisi başa çatıb. Möhtərəm Prezidentimizin bu mühüm addımı dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir".

V.Rəhimzadə Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunmasını da azad mətbuatın inkişafına, jurnalist əməyinə verilən dəyər kimi qeyd edib. Azərbaycan Prezidentinin mətbuata bu kimi diqqət və qayğısı daim media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Məhz ölkə jurnalistlərinin yekdil rəyi ilə dövlətimizin başçısı üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Prezident İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində bildirmişdir: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim".

Dövlətimizin başçısının 2020-ci il 30 iyun tarixli "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını bu sahəyə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirən V.Rəhimzadə bildirib ki, sənəddə də vurğulandığı kimi, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır: "Azərbaycanda milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq imzalanan bu Sərəncamı biz mətbuat işçiləri yüksək səviyyədə alqışlayır, azad mətbuatın inkişafına növbəti dəstək kimi dəyərləndiririk. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın daha da artdığı bir zamanda mətbuatın 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncamın imzalanması qürurverici olmaqla bərabər, məsuliyyət hissimizi daha da artırmağa çağırışdır. Bu çağırışa qoşularaq dövlətçiliyimizin inkişafına töhfələrimizi daha davamlı edək, yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edərək informasiya müharibəsində fəal iştirak edək, həqiqətlərimizi heç bir təhrifə yol vermədən, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqla onların informasiya tələbatını yüksək səviyyədə ödəyək".


Etiketlər:  Vüqar Rəhimzadə Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini daha təsdiqləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ