Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir (MÜSAHİBƏ)

Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir (MÜSAHİBƏ)

Tarix: 3 Iyul 2020 13:20

Bakı. Trend:

Trend-in Gürcüstanın Azərbaycndak səfiri Zurab Pataradze ilə özəl müsahibəsi

Gürcüstan-Azərbaycan münasibətlərinin dinamikası

Səfirin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında ikitərəfi münasibətlər sürətlə inkişaf edir:

"Bizim ikitərəfli münasibətlərimizdə böyük müsbət addımlar müşahidə olunur və mənim fikrimcə, gələcəkdə bu münasibətlər inkişaf edəcək, möhkəmlənəcək və genişlənəcək. Bir sözlə, Gürcüstan-Azərbaycan münasibətlərində dinamika çox müsbətdir".

O bildirib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindəndir:

"Qeyd etmək istəyirəm ki, 2019-cu ildə Gürcüstan və Azərbaycan ticarət dövriyyəsində bir milyard dollar psixoloji səddini keçərək yeni səviyyəyə çıxıblar. Hesab edirəm ki, bu da son nöqtə deyil və bizim müxtəlif sahələrdə əməkdaşlıq üçün imkanlar və potensial var".

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanda əsas investorlardan biridir:

"Biz yeni istiqamətlərə kapital qoyuluşlarına ümid edirik, çünki bildiyiniz kimi, Gürcüstan investisiyalar baxımından cəlbedici ölkədir. Dünya Bankının "Doing Business" reytinqində ölkə 2019-cu ildə yeddinci yeri tutub. Bu da ölkəyə yeni investorların cəlb olunmasına xidmət edir".

Z.Pataradzenin fikrincə, regional layihələr və qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir və Gürcüstanla Azərbaycanın biznes ictimaiyyətləri arasında qarşılıqlı səmərəli əməkdaşlıq dinamik inkişaf edir:

"Bu gün Gürcüstanda çoxlu sayda Azərbaycan şirkəti qeydiyyatdan keçib, Azərbaycanda da əhəmiyyətli dərəcədə Gürcüstan şirkəti fəaliyyət göstərir. Fikrimcə, bu baxımdan da bizim böyük potensialımız var. Gürcüstan Avropa İttifaqı və Çinlə azad ticarət barədə saziş imzalayıb ki, bu da yeni birgə müəssisələrin yaradılması üçün imkan yaradır".

Növbəti Gürcüstan-Azərbaycan biznes forumu

Səfir bildirib ki, növbəti Gürcüstan-Azərbaycan biznes forumu yaxın zamanlarda iki ölkənin İqtisadiyyat nazirliklərinin dəstəyi ilə onlayn formatda keçiriləcək.

Onun sözlərinə görə, həmin biznes forum çərçivəsində müzakirə mövzusu iki ölkə arasında yeni əməkdaşlıq sahələrinin meydana çıxarılması, yeni müəssisələrin yaradılması, ticarət dövriyyəsinin artırılması, ölkə iqtisadiyyatlarına investisiyaların cəlb olunması və tranzit potensialı olacaq:

"Ölkələrimizin ərazisindən İpək yolu keçir, Gürcüstan və Azərbaycan üçüncü ölkələrdən (Mərkəzi Asiya, Çin, Hindistan) yük axınının artırılması məqsədilə fəal əməkdaşlıq edir".

Enerji sahəsində əməkdaşlıq

Səfir bildirib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Gürcüstana əlavə investisiyaların cəlb olunmasına xidmət edəcək.

Z.Pataradzenin sözlərinə görə bu layihə hər iki ölkə üşün geosiyasi əhəmiyyət daşıyır:

"Qlobal baxımdan "Cənub Qaz Dəhlizi" ölkələrimiz arasında tranzit və iqtisadi potensialın inkişaf strategiyasının tərkib hissəsidir. Bu layihə yeni iş yerlərinin yaradılmasına, infrastruktur layihələrinin icrasına, iqtisadiyyatın inkişafına və büdcə gəlirlərinin artmasına xidmət edir".

Bundan başqa, səfir əlavə edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda yeni layihələrin qazlaşdırılmasını fəal şəkildə dəstəkləyir:

"Biz yeni xizək kurortları, yeni müəssisələr tikirik, ona görə də daimi qaz təchizatı ölkənin inkişafının vacib istiqamətlərindən biridir. SOCAR bu istiqamətdə bizimlə fəal əməkdaşlıq edir".

Z.Pataradzenin sözlərinə görə, SOCAR bir çox istiqamətdə, o cümlədən sosial layihələrdə fəal iştirak edir:

"SOCAR ölkənin əsas vergi ödəyicilərindəndir. SOCAR bizim etibarlı tərəfdaşımızdır və biz əminik ki, bu əməkdaşlıq daha da dərinləşəcək, başlayan layihələr isə davam etdiriləcək".

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan və Azərbaycan üçün perspektivliliyi

Səfir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bu gün yeni səviyyəyə çıxan vacib layihələrdən biridir.

Onun sözlərinə görə, bu istiqamətdə daşınan yüklərin sayı gün keçdikcə artır:

"Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimizin tranzit potensialının artmasına kömək edir ".

Z.Pataradze vurğulayıb ki, bu dəmir yolu bir çox digər istiqamətərə yaxşı alternativdir:

"Dəmiryol dəhlizinin böyük gələcəyi var və biz bu layihənin tanınması üçün əlimizdən gələni etməyliyik".

Gürcüstan və Azərbaycanın liman sahəsində əməkdaşlığı

Z.Pataradzenin sözlərinə görə, Azərbaycan öz iqtisadi potensialının şaxələndirilməsi üçün çox müdrik addımlar atır. İki ölkə arasında iqtisadi əməkdaşlığın vacib istiqamətlərindən biri tranzit potensialının artırılmasıdır:

"Ölkələrimiz arasında vacib iqtisadi darvaza rolunu limanlar oynayır. Bu limanlar vasitəsilə böyük həcmdə yük daşınır. Xəzər və Qara dəniz arasında əlaqə çox vacibdir, dəniz daşımaları ölkələrimiz arasında ildən-ilə artır".

Səfir bildirib ki, iki ölkənin limanları arasında əməkdaşlığın vacib istiqaməti "vahid pəncərə" prinsipinin tətbiq olunması üzərində işdir:

"Bu, ölkələrə onlayn rejimində limanlara daxil olan bütün yükləri izləməyə, yüklərin operativ çatdırılmasını təmin etməyə imkan verəcək.

Koronavirus pandemiyası fonunda Gürcüstan-Azərbaycan münasibətlərinin perspektivləri

Səfirin sözlərinə görə, hər bir böhran zamanı yeni maraq sahələri yaranır və bu baxımdan Gürcüstanla Azərbaycan bu imkanların reallaşması üçün səylərini əsirgəməyəcək.

Z.Pataradze hər iki ölkənin ehtiyac içində olan vətəndaşlarına kömək etmək üçün birgə səy göstərən Azərbaycan və Gürcüstan dövlət orqanlarına təşəkkürünü bildirib:

"Pandemiya şəraitində ölkələrimiz arasında yük daşımaları bir gün belə dayanmayıb. Gürcüstan və Azərbaycan bütün məhsulların təyinat nöqtəsinə çatması üçün bütün səylərini göstərir".

Turizm sahəsində əməkdaşlıq

Səfir vurğulayıb ki, turizm Gürcüstan-Azərbaycan münasibətlərinin vacib hissəsidir:

"Gürcüstan 2019-cu ili turizm baxımından müsbət başa vurub. Ölkəmizə 9 milyondan çox turist səfər edib. Fikrimcə, bu, son hədd deyil, gələcəkdə bu rəqəm artacaq, eyni zamanda ölkələrimiz arasında turizm potensialı inkişaf edəcək".

Z.Pataradze vurğulayıb ki, hər iki ölkənin qərarı ilə Azərbaycanla Gürcüstan arasında vahid turizm marşrutunun, o cümlədən üçüncü ölkə nümayəndələri üçün vahid turizm paketinin yaradılması üçün iş aparılır:

"Yəni, əgər kimsə bir ölkəyə ongünlük səyahət paketi əldə edibsə, o, beş gün Gürcüstanda, beş gün Azərbaycanda dincələ, hər iki ölkənin mədəniyyəti ilə tanış ola, Azərbaycan və Gürcüstan mətbəxlərinin gözəl yeməklərini dada bilər ".


Etiketlər:  Səfir Azərbaycan Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ