Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük

Azərbaycan Prezidenti: Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük

Tarix: 6 Iyul 2020 22:33

Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.

Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır.

Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər.

Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək. Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur. Amma özünü qəhrəman kimi göstərirdi. O hansı qəhrəmandır, bütün dünya gördü. Azərbaycanın dinc əhalisinə qarşı cinayət törədən o cəllad qorxaqcasına qaçıb gizləndi. İndi də əsas məqsədi odur ki, həbs olunmasın. Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir. Cavab verin. Siz buna necə müsbət rəy vermisiniz ki, bu adama bütün erməni xalqı nifrət edir və seçkilər də onu göstərdi".


Etiketlər:  Azərbaycan Prezidenti Avropa qurumlarının saxtakarlığını Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ