Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 14:40
"Gözlənildiyi kimi, 5 ay ərzində ÜDM-in həcmi 1.7%, idxal 26.7%, ixracın həcmi isə 25.3% azalıb".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə azalma yük və sərnişin daşımalarında da müşahidə olunub, hər iki göstərici müvafiq olaraq 10.3 və 24% azalıb:
"Fikir verirsizsə, azalmalar əsasən beynəlxalq bazar konyunkturasından asılı olan və Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə (neftin qiymətinin, ixrac qiymətlərinin azalması, yük daşımalarda azalma və s) baş verib və bu gözlənilən idi.
Amma bunlarla yanaşı ölkənin iqtisadi artım və məşğulluğu təmin edəcək böyük potensiala malik sahələrdə artımın davam etməsi çox sevindirici haldır. Belə ki, bu ilin 5 ayında qeyri-neft sənayesinin 14%, kənd təsərrüfatı istehsalı həcminin 3.6% və büdcə gəlirlərinin 17% artması ölkəmizin çətin şəraitdə belə inkişaf potensialından xəbər verir. Xüsusi qeyd etmək istərdim ki, təhlillər göstərir ki, hansı sahələrdə aparılan iqtisadi islahatlar daha çox mənimsənilib, o sahələrdə artım davam edir".
Millət vəkili qeyd edib ki, ölkədə orta aylıq əmək haqqının artaraq 740 manata çatması əhalinin maddi rifah halı nöqteyi-nəzərindən də mühümdür: "İqtisadçılarda belə bir ümumi fikir var ki, azalmanın olmasından çox azalma tempi daha böyük önəm daşıyır. Bu kontekstdə qeyd etmək istərdim ki, Avropa Birliyində 2-cü rüb üzrə Ümumi Daxili Məhsulun 14% azalması gözlənilir. Dünya Bankının bir neçə gün öncə açıqladığı
yeni hesabatında (Global Economic Prospects) 2020-ci ildə Azərbaycanda ÜDM-in 2.6% azalacağı proqnozlaşdırılır. Yenə müqayisə üçün deyim ki, 2020-ci ildə Rusiyada ÜDM-in 6%, Gürcüstanda 4.8%, Qazaxstanda 3%,Türkiyədə 3.8% azalacağı proqnozlaşdırılır.
İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə Azərbaycan iqtisadiyyatında əsas iqtisadi artım və məşğulluğu təmin edən mənbələrin, yəni qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsulllarının istehsalında mühüm irəliləyişlərin müşahidə olunması dövlətin gördüyü tədbirlərin effektivliyini göstərir.
İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə
belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur".