Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 11:26
Koronavirus pandemiyası dünya iqtisadiyyatını iflic vəziyyətə salıb, bir çox ölkələrdə geriləmələr müşahidə olunmaqdadır və əlbəttə ki, bu vəziyyət ölkələrin sosial siyasətinə də təsirsiz ötüşməyib.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, çox sevindirici haldır ki, pandemiyanın yaratdığı bu çətinliklər ölkəmizdə həyata keçirilməsi planlaşdırılan heç bir sosial layihənin təxirə düşməsinə səbəb olmayıb:
"Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində iqtisadi inkişafımız çətin günlərdə insanlarımızın sosial rifahının qorunmasına imkan verir. Azərbaycan iqtisadiyyatı ciddi təməllər üzərində qurulub. Digər ölkələrin iqtisadiyyatı pandemiya səbəbindən 8-10 faiz azaldığı halda, Azərbaycan iqtisadiyyatı cəmi 1.7 faiz azalıb. Ancaq buna baxmayaraq heç bir sosial layihə təxirə salınmayıb.
Digər tərəfdən koronavirus pandemiyasına görə dövlət həm insanlara, həm də sahibkarlara dəstək məqsədilə 3.5 milyard manatdan artıq vəsait ayırdı. Nəzərə almalıyıq ki, bu heç də az məbləğ deyil və bu ilin dövlət büdcəsində bu xərclər nəzərdə tutulmamışdı. Lakin Azərbaycanın iqtisadi və maliyyə imkanları heç bir sosial layihəni təxirə salmadan insanlarımıza bu dəstəyin göstərilməsinə imkan verdi.
Hətta pandemiya dövrü olmasına baxmayaraq ölkəmizdə sosial layihələr daha geniş miqyasda həyata keçirilir. Belə ki, bu il şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, iyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur, ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəyə, yaxud da 300 mindən çox insana çatdırıldı".
Deputat vurğulayıb ki, bununla yanaşı ölkəmizdə həyata keçirilən infrastuktur, quruculuq-abadlıq layihələri də davam etdirilir:
"Deputat seçildiyim Suraxanı rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir.
Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin genişmiqyaslı abadlaşdırılması işlərinə başlanılmışdır. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Suraxanı rayonunda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir".