Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 10:52
Rusiya mütəxəssislərinin ikinci qrupu ön cəbhədə koronavirusla mübarizə aparan azərbaycanlı həkimlərə yardım etmək üçün Azərbaycana gəlib. Bakıya ezam olunan komandanın tərkibinə Seçenov Universitetinin və Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun nümayəndələri daxildir. Rusiyanın aparıcı mütəxəssisləri Sumqayıtın və Azərbaycanın digər regionlarının xəstəxanalarında azərbaycanlı həmkarlarına müxtəlif sahələrdə məsləhət verirlər.
Rusiyalı pulmonoloq qrupuna Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Seçenov Universitetinin Pulmonologiya kafedrasının müdiri Sergey Nikolayeviç Avdeyev rəhbərlik edir.
Sonxeber.net bildirir ki, Sputnik Azərbaycan-a müsahibəsində o, COVİD-19-la bağlı ən aktual sualları cavablandırıb.
"Azərbaycana Rusiyadan 33 nəfər gəlib. Səfərin məqsədi eynidir - Rusiya ilə qonşu olan ölkədə COVİD-19-la mübarizə aparmaq. Bu gün burada sizin vəziyyətiniz asan deyil, Rusiyada nisbətən daha asandır. Doğrudur, Moskvada vəziyyət daha yüngüldür, lakin bəzi regionlarda Azərbaycandakı qədər mürəkkəbdir", - deyə Avdeyev söhbətin əvvəlində qeyd edib.
Azərbaycanda hər gün laboratoriya diaqnostikası ilə təsdiqlənmiş 500 yeni xəstəlik halı aşkarlanır. Avdeyev hesab edir ki, real hallar daha çox ola bilər.
- Siz artıq Azərbaycanın regionlarında olmusunuz, mümkünsə, oradakı vəziyyət barədə danışardız.
- Biz bir neçə bölgədə olmuşuq - Astara, Masallı və Cəlilabadda. Əvvəla, bizim üçün xoş bir gözlənilməzlik oldu ki, burada həqiqətən çox yaxşı xəstəxanalar var. Məsələn, Cəlilabadda xəstəxana çox xoş təəssürat yaratdı. O, tamamilə yeni və çox yaxşı təchiz olunmuşdu. Bəli, bölgələrdə COVİD-19-la mübarizəni gördük və bu, bizi çox mütəəssir elədi.
Biz bir çox həkimlərlə danışdıq. Hər şey dərhal baş vermədi. Bəzi klinikalar fevral ayından, bəziləri isə mart ayından etibarən fəaliyyətə başlayıblar. Birinci mərhələdə dünyada, hər yerdə, elə bizdə də olduğu kimi, həddindən çox qüsurlar olmuşdu. Bu gün isə biz görürük ki, Azərbaycan həqiqətən koronavirusa çox ciddi yanaşır. Bütün xəstəxanalar yeni avadanlıqla təchiz edilib. Biz də pulmonoloqlar olaraq, həmişə tənəffüs dəstəyi avadanlığına xüsusi diqqət yetiririk.
- Sizcə, pandemik xəstəxanalar tamamilə dolub?
- Deyə bilmərəm ki, dolub. Mənim üçün dolu olma konsepsiyası ondan ibarətdir ki, çarpayılar dəhlizlərdə dayanır, orada xəstələr yatır və onların sayı çoxdur. Burada belə şey yoxdur. Amma bizim olduğumuz xəstəxanaların demək olar ki, hamısı doludur. Boş çarpayı çox azdır. Xəstələr boşaldıqda, dərhal yeniləri gəlir.
- Azərbaycanlı həmkarlarınıza konkret olaraq hansı tövsiyələri vermisiniz?
- Prinsipial tövsiyələr yox idi. Onlar əsasən tənəffüsə dəstək və dərman terapiyası ilə bağlı bəzi nüanslara aiddir. Bu, irad deyil, daha çox fikir mübadiləsidir. Yəqin ki, bu, bizim üçün də, Azərbaycan həkimləri üçün də həmişə maraqlıdır. Biz fikir mübadiləsi aparmağa fevral ayından, ilk xəstələrimiz ortaya çıxdıqdan sonra başlamışıq. Təbii ki, o zaman bu mövzuda danışmağın mümkün olduğu ilk həkimlər Çindən olan tibb işçiləri idilər. Zənnimcə, hazırda dünyada vəziyyət elədir ki, bu problem üzrə təcrübəli mütəxəssisləri demək olar, hər yerdə, hər bir ölkədə tapmaq mümkündür.
- Bu yaxınlarda Azərbaycanda koronavirusun yüngül forması aşkar edilmiş xəstələrin evdə müalicə praktikasını tətbiq etməyə başlayıblar. Bu müalicə nə qədər effektiv ola bilər?
- Çox effektiv ola bilər. Eyni praktika Rusiyada da mövcuddur. Yüngül xəstələri biz xəstəxanaya yerləşdirmirik. Onlar ambulator şəraitdə müşahidə altında olurlar. Lakin evdə müalicə o demək deyil ki, səni özün özünü müalicə edirsən. Ona dərman terapiyası təyin olunur, vəziyyətinin müəyyən monitorinqi həyata keçirilir. Əgər vəziyyəti pisləşsə, hərdən belə də olur, onda xəstəni stasionara yerləşdirilər. Yəni, o nəzarət altında olur, onu daima müşahidə edirlər.
- Ambulator müalicə zamanı ağırlaşmalara tez-tez rast gəlinir?
- Olur. Tez-tez olduğunu demək olmaz. Lakin bu baş verə bilər. Ona görə də həmişə həkimlə əlaqədə olmaq çox vacibdir. Azərbaycanda xidmət elə o cür təşkil olunub, yəni, pasiyent həmişə tibbi personalın diqqətində olur.
- COVID-19-un yüngül formasını keçirən pasiyentlərə vitaminlər tövsiyə olunur. Onlar nə dərəcədə effektiv ola bilər, məsələn, reklam olunmuş "Arbidol"?
- "Arbidol"dan danışırıqsa, hazırda o terapiya siyahısından çıxır. Qəribə olsa da, bu dərman Rusiya mənşəli olmasına baxmayaraq, RF-də əvvəldən ondan istifadə etmirdilər. Onu bizim çinli həmkarlarımız fəal surətdə istifadə edirdilər. O Almaniyada istifadə olunurdu, lakin Rusiyada yox idi. Bu gün əgər dərman terapiyasından danışsaq, daha çox "Favipiravir" effektivdir. Bu COVID-19-a qarşı təsir edən azsaylı preparatlardan biridir. Biz görürük ki, burada da məhz o geniş təyin olunur.
- Yoluxub sağalmış insanlarda hansı qalıq təzahürlər olur?
- Əsasən ağciyər problemləri olur, ağciyərlərdə xəstəlikdən qalan dəyişikliklər baş verir. Xoşbəxtlikdən onlar elə də çox müşahidə olunmur, lakin biz hazırda fəal şəkildə ağciyər fibrozu problemini müzakirə edirik: hansı xəstələrdə o olacaq, əgər olacaqsa, özünü necə aparacaq. Əgər düzün desək, bu gün dəqiq məlumat yoxdur, çünki belə xəstələrin müşahidəsi və müalicəsi təcrübəsi azdır.
- Bəzi həkimlər koronavirusdan sağalmış şəxslər arasında fertilliyin azalmasından danışırlar. Bu belədir?
- Bunu necə iddia etmək olar? Epidemiyanın başlanmasından çox az vaxt keçib. Fikrimcə, hələlik bu yoxlanılmamış məlumatdır. Bunun belə olmasını demək çətindir. Biz nə görürük? Ağciyərlər zərər görür. Çox hallarda qanın laxtalanması sisteminə zərbə dəyir, bəzən böyrəklər, miokard yoluxur. Digər problemlər də ola bilər, lakin daha nadir hallarda.
- Rusiyada və Azərbaycandakı xəstələr arasında fərq var?
- Xəstəlik hər yerdə eyni formada keçir. Yəni, bu kəskin nəfəs çatışmazlığı kimi ağır senarilər gətirən mürəkkəb xəstəlikdir. Sizdə ağır xəstələr oksigen terapiyasındadırlar, onlara qeyri-invaziv ventilyasiya və hətta ağciyərlərin süni ventilyasiyası tətbiq edilir.
- Bu gün bizdə 67 nəfər ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Bu, Azərbaycan üçün çoxdur?
- Əgər xəstələnmə tempindən, gündə 500 nəfərdən danışsaq, təəssüf ki, heç də hamıda müsbət dinamik yoxdur. Biz bunu bilirik. Bunu azərbaycanlı həkimlər də bilirlər. Biz bu problemi müzakirə etdik. Yox, bu normal rəqəmdir. Lakin demək istəyirəm ki, respirator dəstək baxımından bu gün Azərbaycanda düzgün olaraq çox geniş şəkildə ağciyərlərin qeyri-invaziv ventilyasiyasından istifadə olunur. Sipap-terapiya, yəni, maskadan ventilyasiya. Bu çox effektivdir və ağciyərlərin ASV vasitəsilə ventilyasiyasının yer qoymur. Sipap-terapiya yalnız Bakıda deyil, bölgələrdə də çox geniş istifadə olunur.
- Azərbaycanda bütün bu aylar ərzində gözləyirdilər ki, anomal istilər düşəcək və yoluxma azalacaq. Amma yayda da heç nə yüngülləşmədi.
- Açığını deyim, biz də gözləyirdik ki, istiləşmə ilə xəstələrimizin sayı azalacaq. Bəli, bizdə xəstələrin sayı azalmağa başlayıb, amma bu, istilərlə bağlı deyil. Rusiyada çox sərt karantin tədbirləri görülüb. Məsələn, Moskvada sərt karantin tətbiq etmişdilər. Aprel-may aylarında küçəyə xüsusi icazə olmadan çıxmaq qadağan edilmişdi, buna görə də Moskva küçələrində ümumiyyətlə adam yox idi. Metroda ümumiyyətlə adam görünmürdü. Bax bu sərt tədbirlər də öz nəticəsini verdi. Temperatur barədə danışsaq, Braziliya və Hindistanda çox istidir, amma buna baxmayaraq yoluxma halları da həddən artıq çoxdur.
- Koronavirusla xəstələnmiş şəxsdə ağırlaşma olmaması üçün nə etmək lazımdır? Bu gün hamını bu sual düşündürür. Yoluxan şəxslər qorxurlar ki, onlara reanimasiya köməyi lazım ola bilər...
- Yüngül və simptomsuz xəstələnən o xoşbəxt pasiyentlərdə ağırlaşma çox az olacaq, bəlkə də heç olmayacaq. Saturasiyanın aşağı düşməsi, qipoksemiya ilə müşayiət olunan ağır xəstələrdə isə ağırlaşma riski daha böyükdür. Bəs ağırlaşma hallarının qarşısını necə almaq olar? Yəqin ki, bu suala hazırda cavab vermək mümkün deyil.
- Xəstəlikdən sonra reabilitasiya prosesi nə qədər davam edir?
- Adi pnevmoniya zamanı kəskin nəfəs çatışmazlığı kimi ağırlaşma azdır. Həqiqətən də, bizdə xəstəxanadankənar, total, böyük və ağır pnevmoniya var. Amma açığını desəm, COVID-19-da olduğu kimi bu qədər ağır hal yoxdur və heç bir zaman müşahidə edilməyib. Reabilitasiya prosesi xəstənin buraxılan zamandakı vəziyyətindən asılıdır. Biz bu prosesə yenicə başlayırıq. Bizdə son həftələr ərzində tövsiyələr, standartlar və s. yaranıb. Bu, pasiyent üçün çox vacibdir. Reabilitasiya özündə eyni zamanda bir neçə proqramı birləşdirən kompleks proqramdır. İnsanın bütün əzələlər kompleksi üçün fiziki məşqlər etmək lazımdır. Məsələn, bu, yüngül fiziki yük - piyada gəzinti ola bilər. Nəfəs əzələləri üçün nəzərdə tutulan, nəfəs yollarının drenajı ilə bağlı məşqlər var. Qidalanma, psixoloji dəstəklə bağlı olan proqramlar mövcuddur. Bütün bunlar reabilitasiya anlayışında birləşir.
- Koronavirus əvvəllər pnevmoniya olmuş şəxslər üçün təhlükəlidirmi?
- Adamın əvvəllər pnevmoniya olub-olmamasının heç bir fərqi yoxdur. Əgər əvvəlki pnevmoniyanın risk faktoru olub-olmadığı nöqteyi-nəzərindən baxsaq, fərq yoxdur. Adi pnevmoniya ilə xəstələnmiş şəxs COVID-19-a da asanlıqla yoluxa bilər.
- 2020-ci ilin payızına hansı proqnoz verə bilərsiniz? Xəstələrin artmasını gözləyəkmi?
- Hansı payız? Əvvəli, yoxsa axırı?
- Yəqin ki, payızın axırı...
- Payızın axırı kəskin respirator xəstəliklərinin mövsümüdür. Yəni, adi viruslar - qrip, paraqrip qayıdacaq. Əfsuslar olsun ki, bir çox ekspertlərin proqnozuna görə, bu mövsümdə koronavirusla bağlı vəziyyət pisləşəcək. Çoxları bunu ikinci dalğa adlandırırlar. Hərçənd, mənə birinci və ikinci dalğanı bölmək çox çətindir. Mənim üçün bu, hələ qışda başlayan həmin dalğadır. Çox mümkündür ki, biz payız-qış mövsümündə COVID-19-la bağlı vəziyyətin pisləşməsini müşahidə edəcəyik. İstəməzdim ki, byu sözlərim həqiqət olsun. Amma biz yenə də hazırlaşırıq. Bizim ölkəmizdə bu gün boş olan ehtiyat hospitallar var. Amma onlar gələcəkdə ola biləcək mümkün pis vəziyyətə hazırdırlar. Sizdə də belə senariyə eyni cür hazırlaşırlar.