Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 20:26
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Kanada və Latın Amerikası regionu ölkələrində yaşayan azərbaycanlı icmasının nümayəndələrinin, Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxov və Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyevin qatıldıqları videokonfrans keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, tədbiri Dövlət Komitəsinin sədri Fuad Muradov açaraq Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması məqsədilə soydaşlarımızın dünyanın müxtəlif ölkələrində, o cümlədən Kanadada çoxsaylı izdihamlı aksiyalar, avtomobil yürüşləri keçirmələrini, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan dövlətini və ordusunu dəstəkləmələrini müsbət qiymətləndirib. Kanadalı soydaşlarımızın Azərbaycanın haqlı mövqeyinin yaşadıqları ölkənin vətəndaşlarına, yüksəkvəzifəli şəxslərə çatdırılması təşəbbüsləri, ABŞ Konqresinə və Ağ ev administrasiyasına ünvanlanan petisiyaların imzalama kampaniyasında fəal iştirak etmələri təqdir olunub.
Səfir Elxan Poluxov və müvəqqəti işlər vəkili Fuad Əliyev çıxışlarında belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildirib, keçirilən aksiyaların əhəmiyyəti barədə danışıblar.
Kanada və Latın Amerikası regionu ölkələrində yaşayan azərbaycanlı icmasının nümayəndələri Amerikanın Los-Anceles, Belçikanın Brüssel şəhərlərində və digər ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri barədə fikir mübadiləsi aparıb, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıblar.
Soydaşlarımıza ermənilərin təxribatına uymamaq, onlara qarşı mübarizəni hüquqi müstəvidə aparmaq, Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirmək, birgə hərəkət etmək, icmaların bütün potensialını birləşdirmək tövsiyə olunub, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər ünvanlaması barədə geniş fikir mübadiləsi aparılıb.