Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 17:33
İyul ayının 12-dən Ermənistanın Azərbaycana qarşı biz növbəti təxribatının şahidi olduq. Əvvəlki təxribatlardan fərqli olaraq Qarabağ bölgəsində deyil, Azərbaycan-Ermənistan sərhədlərinin Tovuz rayonu ərazisində olan hissəsindən ermənilər Azərbaycan ərazilərinə soxulmağa cəhd etdilər. Bu, bütün beynəlxalq normaların kobud şəkildə pozulması idi və Azərbaycan sərhədlərinin dünya birliyi tərəfindən tanınmış sərhədlərinin kobud şəkildə pozulması idi.
Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
O bildirib ki, bir neçə ildir xaricdə formalaşdırılmış "azərbaycanlılardan ibarət" "bloqqerlər", "siyasi mühacirlər" ermənilərin Los Anceles və Brüsseldə soydaşlarımıza qarşı törətdikləri vandalizmdə də düşmənin tərəfini tutmağa başladılar, xaricdə yaşayan soydaşlarımıza ermənilərlə bərabər onlar da mənəvi hücuma keçdilər, mənəvi terrorlara məruz qoydular:
"Bəlli ki, bu məsələdə Ermənistan tərəfi Azərbaycanı təxribata çəkmək istəyirdi. Çünki Ermənistan dövləti açıq şəkildə bilir ki, Azərbaycan ordusu istədiyi an bir həmləylə Ermənistan ərazilərini öz nəzarəti altına keçirə bilər. Amma burada ermənilərin təxribatının qarşısı qətiyyətlə alındı, ordumuz tərəfindən Ermənistan Silahlı Qüvvələrinə ciddi zərbə vuruldu, qarşı tərəf itkilər verdi. Bundan sonra dünyanın bir çox ölkələrində Ermənistan dövlətinin tapşırığı ilə erməni diasporası xaricdə yaşayan azərbaycanlılara qarşı öz məkirli planlarını həyata keçirməyə başladılar, soydaşlarımızın "Qarabağa azadlıq" şüarı altında keçirdikləri dinc aksiyalara hücum etdilər, qrup halında gəzən ermənilər soydaşlarımızı tək şəkildə tutaraq onlara hücum etməyə başladılar.
Bu məsələ gözlənilən idi.
Erməni bir düşməndir və əsrlər boyu biz ermənilərdən bu xəyanəti görə-görə gəlirik. Yəni, biz artıq ermənilərin bu xəyanətinə alışmışıq. Amma çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bir neçə ildir xaricdə formalaşdırılmış "azərbaycanlılardan ibarət" "bloqqerlər", "siyasi mühacirlər" bu məsələdə də ermənilərin tərəfini tutmağa başladılar və özlərini niyəsə birdən-birə sülh carçısı kimi göstərməyə başladılar və xaricdə yaşayan soydaşlarımıza ermənilərlə bərabər onlar da mənəvi hücuma keçdilər, xaricdə yaşayan soydaşlarımızı mənəvi terrorlara məruz qoydular.
Bu məsələdə də xüsusilə Azərbaycanda olan radikal müxalifət camiyəsinin, xüsusilə də AXCP-yə tabe olan və xaricdə fəaliyyət göstərən YouTube kanalları, sosial şəbəkə səhifələri aktivlik göstərdilər. Hələ uzun illər öncə biz bu məxluqlara qarşı, bu vətənsizlərə qarşı mübarizə aparanda cəmiyyətin bəzi hissələri, bəzi qüvvələri, o qüvvələr ki, özlərini guya cəmiyyətdə müstəqil ictimai şəxslər kimi, müstəqil, tərəfsiz siyasi şəxslər kimi təqdim edirlər, onların da belə qınağına biz tuş gəlirdik. Onlar da bizi ədalətsizlikdə, həmin şəxslərə qarşı qərəzli olmaqda ittiham edirdilər. Amma son dövrlərin hadisələri göstərdi ki, xüsusilə də bu məsələdə öncüllük edənlər Sevinc Osmanqızı, keçmiş səfir, xəyanətkar diplomat Arif Məmmədov, söyüş terror qrupunun başında duran Vidadi İsgəndərli və özlərini həmişə vətənpərvər kimi qələmə verən Orduxan Temirxan, Tural Sadıqlı kimi bu insanlar ölkəmizə qarşı və eyni zamanda xaricdə olan bizim aktivistlərimizə qarşı çox ciddi fəaliyyətə keçdilər, onları, sanki, xaricdə bu məsələləri alovlandırmaqda ittiham etdilər".
Sədr müavini qeyd edib ki, bunların son davranışları da göstərdi və Azərbaycan xalqı da başa düşdü ki, bunlar anti-Azərbaycan qüvvələridir:
"Hətta Sevinc Osmanqızı bir az da irəli gedərək Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bu məsələləri qızışdırdığını dilinə gətirdi və guya həmin təxribatları Azərbaycan dövləti, xüsusilə də DTX təşkil edib. Təbii ki, DTX bu kimi məsələlərdə maraqlı ola bilməz. Əksinə, Azərbaycan dövləti bütün diplomatik korpuslar vasitəsilə bu təxribatların qarşısının alınmasını təmin etdilər və Azərbaycan ziyalıları, Azərbaycanın ictimai siyasi şəxsləri azərbaycanlıları bu təxribatlara uymamağa dəvət etdilər.
Bir şeyi də nəzərinizə çatdırım ki, mən bir-iki gün öncə elə bu "vətənsizlər" dediyim məxluqlarla bağlı bir status paylaşmışdım. Statusumun paylaşımından bir an belə keçmədən Fransada siyasi mühacir adı altında sığınacaq almış üzdəniraq Məhəmməd Mirzəli mənim messencerimə səsli mesajlar göndərməyə, tərbiyəsizliklər, mənim şəxsim haqqımda, Azərbaycan dövlətinin rəhbər şəxsləri haqqında çox tərbiyəsiz fikirlər səsləndirməyə başladı. Təbii ki, onun cavabı verildi. Amma baxın, bunların xisləti budur. O, məni təhrik edirdi ki, mən də ona qarşı belə söyüşlər işlədim və nə idi məqsəd?! - Götürsün mənim bu səs yazılarımı ictimailəşdirsin. Bax budur bunların əxlaqı. Təbii ki, biz onların səviyyələrinə düşməli deyilik, amma istənilən halda onu deməliyəm ki, bunların layiqli cavabları verilməlidir və təəssüf edirəm ki, hələ də cəmiyyətin bəzi üzvləri bunların açıq şəkildə üstünə getməkdən çəkinirlər. Onu da qeyd edim ki, bəziləri də özünü dövlət başçısını sevən kimi, dövləti sevən kimi göstərirlər, amma bu məsələlərdə açıq şəkildə bu insanların üstünə getmirlər. Bu insanları açıq şəkildə ifşa etmək lazımdır. Bunların son davranışları da göstərdi və Azərbaycan xalqı da başa düşdü ki, bunlar anti-Azərbaycan qüvvələridir. Bizim bu məsələlərdə uzun illərdir apardığımız təbliğat öz nəticəsini verməyə başlayır. Bundan sonra da bu ünsürlərə qarşı mübarizələrimiz kəskin şəkildə davam etdiriləcəkdir. Biz həmişə dövlətimizin, dövlətçiliyimizin qorunması üçün əlimizdən gələni edəcəyik".
Təhməz Təkin