Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fikrət Zərgərli - ''Ürək zərgəri''

Fikrət Zərgərli - ''Ürək zərgəri''

Tarix: 27 Iyul 2020 19:27

Bakı. Trend:

İnsanlara, ən çox da kiçik yaşlı uşaqlarımıza şəfa verən ömrü yarımçıq qırılmış gözəl bir həkimdən söhbət açmaq istəyirəm – FİKRƏT ZƏRGƏRLİdən.

"ÜRƏK ZƏRGƏRİ" - Sağlığında onu daha çox belə adlandırırdılar. O, həqiqətən, öz işinin zərgər qəqiqliyi ilə yerinə yetirirdi.

Fikrət Zərgərli respublikamızın tibb sahəsində Milli Kardiocərrahiyyənin banilərindən biri idi.
Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor Fikrət İsmayıl oğlu Zərgərlinin xatirəsini yad edək.

Ruhu şad olsun.

Hələ Sovetlər dönəmində Azərbaycanın ürək əməliyyatları sahəsindəki uğurları çox olub. Əməliyyatlara kütləvi şəkildə 1978-ci ildə cərrah Fikrət Zərgərli tərəfindən başlanılıb və həmin dövrdə yaranmış Zərgərli məktəbi həm də, ümumilikdə Sovetlər Birliyinin bütün dünyada fəxrlə adını çəkdiyi işlər görüb. Hazırda Fikrət Zərgərli məktəbinin davamçıları, bacarıqlı və işgüzar alimlərimiz ölkədə kardiologiya elminı uğurla inkişaf etdirirlər.

Tanınmış həkimin bacarığına, istedadına, biliyinə inanan xəstələr məhz Fikrət Zərgərli tərəfindən müalicə almaq üçün Sovetlər birliyinin digər respublikalarından Azərbaycana gəlib burada şəfalarını tapırdılar. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində Fikrət Zərgərlinin rəhbərlik etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılmışdır.

Görkəmli alim daim tibb elminin inkişafı üçün çalışırdı. Həmçinin, o, 150-dən çox elmi əsərin, məruzə və məqalələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə "Ürəyin blokadasına" aid mövzularla simpoziumlarda çıxış edib.

* Maraqlıdır ki, istedadlı cərrah sənət aləmində də iz qoyub. Belə ki, az adama məlumdur ki, sözləri böyük şairimiz Mirmehdi Seyidzadəyə, musiqisi gərkəmli bəstəkar Ələkbər Tağıyevə məxsus korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasında səslənən "MEHRİBAN HƏKİM" mahnısı şair tərəfindən 1975-ci ildə məhz Fikrət Zərgərliyə həsr edilmişdir....

Amma amansız əcəl Fikrət Zərgərlinin arzularını yarımçıq qoydu.İnsanların sağlamlığınln keşiyində dayanan, onların ömrünə ömür calayan həkim qısamüddətli xəstəlikdın sonra 8 dekabr 1984-cü il tarixində 54 yaşında vəfat etdi.

Xalq, dövlət öz dəyərli övladını unutmur, onun xatirəsini daim əziz saxlayır. Hal-hazırda Salyan Regionlararası Kardioloji dispanser professor Fikrət Zərgərlinin adını daşıyır.

Bu gün onun yaxın qohumu Milli Oftalmologiya Mərkəzində “Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım” şöbəsinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru İlham Zərgərli əziz həkimimuz Fikrət Zərgərlinin yolunu ləyaqətlə davam etdirir.

Yeri gəlmişkən, qeyd edək ki, 1974-cü ildə "Azərbaycantelefilm"in istehsalında Fikrət Zərgərlinin fəaliyyətinə həsr olunan film çəkilmişdir.

"Üç hekayə" adlanan filmdə istedadlı cərrah Fikrət Zərgərli, görkəmli rəssam Səttar Bəhlulzadə və tanınmış alim Əziz Şərif barədə söhbət gedir.

QISA ARAYIŞ:

Fikrət Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub, 1947-ci ildə 6 nömrəli məktəbi gümüş medalla bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. Bilik və savadına görə Fikrət Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 nömrəli Moskva Şəhər Xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə Fikrət Zərgərli öz fəaliyyətini A.L.Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi.

1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub.

Qeyd edək ki, Fikrət Zərgərli məşhur akademik B.V.Petrovski tərəfindən aparılan dünyada ilk əməliyyatlardan sayılan ürək anevrizması əməliyyatında yaxından iştirak etmişdir.

1966-cı ildə Fikrət Zərgərli bir qrup cərrahla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü.

Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin dəvəti ilə 1976-ilin oktyabr ayında Fikrət Zərgərli Bakıya qayıtmışdır. 1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı oldu. Qısa bir müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaratmış, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlamışdır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilmişdir.

Məkanı cənnət olsun!

Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Etiketlər:  Fikrət Zərgərli Ürək zərgəri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ