Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 16:12
Gün ərzində az maye qəbulu özümüz də hiss etmədən bir çox problemlərə yol açır. Hətta ən azacıq susuzluq zamanı halsızlıq, yorğunluq kimi şikayətlər ortaya çıxır. Susuzluq dərəcəsi artdıqca orqanizmin bir sıra funksiyalarında pozulma yaranır.
Gündə nə qədər su içmək lazımdır? Sonxeber.net bildirir ki,mütəxəssislərə görə, yetkin insanların su ehtiyacı normal halda ən azı 1600 ml olmalıdır.
Sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir.
Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, sağlam insan təxminən 2,7-3,7 litr su qəbul edə bilər. Çox isti bölgələrdə bu norma 5 litrə qədər dəyişir.
Hesab olunur ki, çox isti havalarda, yayda su qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Su əvəzinə qəbul edilən mayelər isə necə gəldi içilməməlidir, burada ölçünü itirmək olmaz.
Suya alternativ olaraq tərkibi su ilə daha zəngin olan meyvə-tərəvəzlər, göyərtilər, məsələn, qarpız, yemiş, ispanaq tövsiyə olunur.
Onlardan başqa, süd, meyvə suyu, mineral su da istifadə oluna bilər.
Yüksək təzyiq, diabet, böyrək xəstəlikləri, ürək problemindən müalicə olunan xəstələr həkimlərin dediyi miqdarda su içməlidirlər.
Bundan başqa, gərgin vəziyyətdə bir saat boyunca və daha çox idman edən şəxslər daha çox su və mineralla zəngin olan idman içkiləri qəbul etməlidirlər.
Daha çox tərləyən şəxslər çox isti havalarda su qəbulunu artırmalıdırlar.
Yüksək temperatur, ürək bulanma-qusma, ishal kimi hallarda bədəninin itirdiyi suyun yerinə daha çox içmək gərəkdir.
Hamiləlik dövründə gündəlik qəbul edilən su miqdarı 2,5 litr, əmizdirmə zamanı 3 litr civarında olmalıdır. (publika.az)