Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 11:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb. Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.
Trend-in məlumatına görə, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.
Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir.
Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri həll edilib.
Kommunal xidmətlərin işçiləri xüsusi reimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.
Yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaqdır. Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.
Qeyd edilməlidir ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların İDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və digər çimərliklərə alternativ olaraq 6 yerdə - “Şıx” çimərlik ərazisində, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində hər cür şəraiti olan pulsuz ictimai çimərliklər yaradılıb.
Trend Abşeron çimərliklərindəki ilk günlə bağlı fotoreportajı təqdim edir.
FOTO: Zaur Mustafayev