Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 12:51
Bakı. Trend:
11 iyun tarixindən koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan Mərkəzi Gömrük Hospitalının tibbi personalı yalnız COVID-19 xəstələrinə tibbi xidmət göstərir. Bunu nəzərə alaraq, koronavirusa qarşı mübarizə şəraitində tibb işçilərinin sağlamlığının qorunması Hospitalın gündəmində olan ən vacib məsələlərdən biridir.
Hospitalın qəbul etdiyi ağır kovid xəstələrinin müalicəsinə cəlb olunmuş yüksəkixtisaslı həkimlərdən, orta və kiçik tibb personalından ibarət komanda kovid xəstələrinin müalicə olunduğu palatalara keçmək üçün öncədən hazırlaşır. Hospitalın İnfeksiyaya Nəzarət Komissiyasının tərtib etdiyi təlimata əsasən tibbi personalın işə hazırlaşması xüsusi ayrılmış Yaşıl Zonada fərdi qoruyucu vasitələrin geyinmə bölümündə başlayır.
Burada fərdi qoruyucu vasitələrin geyinilməsi üzrə Hospitalda tərtib olunmuş təlimat plakatları asılıb və 2 metr hündürlüyündə güzgülər quraşdırılıb ki, tibb işçiləri qoruyucu vasitələri düzgün geyindiklərinə əmin olsunlar. Eyni zamanda xüsusi nəzarətçilər tibb heyətinin fərdi qoruyucu vasitələri düzgün geyinməsinə kömək edir. Əvvəlcə kombinezon və ayaqqabılar geyinilir, sonra əllər dezinfeksiya edilir, daha sonra birdəfəlik tibbi papaq, tibbi qoruyucu maska, alt lateks əlcək və qoruyucu eynək taxılır. Sonda əllərə ikinci lateks əlcəklər taxılır.
Yaşıl Zonada qoruyucu vasitələri geyindikdən sonra tibbi personal Qırmızı Zonaya daxil olur. Növbədən sonra tibbi personalın fərdi qoruyucu vasitələri çıxardığı zonada da güzgülər quraşdırılmış, döşəməyə ayırıcı zolaqlar çəkilmişdir ki, tibb işçilərinin hər biri sıxlıq yaratmadan ona fərdi qaydada ayrılmış zonada geyimini dəyişə bilsin. Burada da nəzarətçilər tibb işçilərinə kömək edir və hər bir detala ciddi nəzarət edirlər. Eyni zamanda soyunma qaydaları əyani surətdə plakatlar vasitəsi ilə də nümayiş olunur.
Çıxış zonasında tibb işçiləri bir-birinə toxunmadan onlar üçün ayrılmış sahələrdə soyunur, təlimata əsasən əvvəl kombinezon, sonra gözlük, tibbi maska kənarlaşdırılır, baş örtüyü və əlcəklər çıxarılır və hamısı biotəhlükəli tibbi tullantı torbasına atılır. Əllər sabun və su ilə yuyulur, duş qəbul edilərək təmiz tibbi geyimlər geyilir və yalnız bundan sonra personal Qırmızı Zonanı tərk edir və Yaşıl Zonaya daxil olur. Növbədə çalışan bütün personal Qırmızı Zonadan çıxdıqdan sonra burada tam dezinfeksiya işləri aparılır.
Hosptialın Yaşıl, Sarı və Qırmızı zonalarının hər birinin məlumat göstəriciləri qapılar üzərində göstərilmiş və döşəməyə vurulan yazılarla nişanlanmışdır. Hospitalın Sarı Zonası şərti kirli zona hesab edilir. Sarı Zonaya xəstə yaxınları da daxil ola bilər. Bu zonada infeksiyaya yoluxmamaq üçün tibbi personal maska, eynək və üz sipərlərindən istifadə edir. Bütün zonalarda asılmış plakatlarda qoruyucu vasitələrdən düzgün istifadə qaydaları nümayiş etdirilir. Həmçinin, döşəmədə çəkilmiş nişanlar Yaşıl Zonadan Qırmızı Zonaya və Qırmızı Zonadan Yaşıl Zonaya yolu göstərir.
Hospitalın Qırmızı və Sarı Zonalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır. İnfeksiyaya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov və üzvləri Gülyaz Fərəcova, Gültəkin Qurbanova, Natella Əliyeva, Lilpar Məmmədova gündüz və gecə nöbələrində çalışaraq qoruyucu vasitələrin protokol qaydalarına uyğun geyinilməsinə və çıxarılmasına nəzarət edirlər.