Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başa düşdüm ki, insan fahişə olsa belə, onu alçaltmaq olmaz”

''Başa düşdüm ki, insan fahişə olsa belə, onu alçaltmaq olmaz”

Tarix: 14 Avqust 2020 18:20

"Cəmiyyətin içindən seçilmiş obrazlar ilk dövrlərdə düşünülmüş bir şey deyildi. Amma son dövrlərdə get-gedə düşünülmüş bir şeyə çevrildi".

Bu sözləri "aktyor, yutuber Taleh Yüzbeyov Mediapost-un qonağı olarkən deyib. "Cəmiyyətin içindən" mövzusunda danışan aktyor uğurunun səbəbini obrazların cəmiyyətin içindən seçilməsi ilə əlaqələndirib:

"İlk videoları çəkəndə istəmədən alınırdı ki, hamı öz dostunu, qonşusunu, yaxın adamını görürdü. Amma zamanla kinoya doğru getməyə başlayanda başa düşdüm ki, bizim filmlərimizdə, seriallarımızda çatışmayan əsas məqamlardan biri də məhz cəmiyyət imiş. Yəni biz özümüzü filmlərdəki personajlarla eyniləşdirə bilmirik. İnsanlar baxır ki, realda belə adam ola bilər, amma bu mən deyiləm, belə adam tanımıram. Daha çox türk "holdinq" seriallarından və ya rus seriallarından və s. kim haradan bəhrələnir bilmirəm. Təkcə mənim yox, bir çox yutuberlərin uğuru onda idi ki, baxan deyirdi ki, bu adamı tanıyıram. Mənsur Şərif, Hüseyn Əzizoğlu və Əlixan Rəcəbovda özümüzəməxsusluq var idi deyə, qəbul olundu. Məndə də istəmədən alındı. Maksimum çalışdım ki, heç kəsə oxşayamayan personajlar və əhvalatlar olsun".

Yutuber "Zəhər tuluğu"nun davamlı bir layihə kimi planlaşdırılmadığını bildirib. Onun sözlərinə görə, tamaşaçı marağının çox olmasından dolayı sözügedən obrazın filmini çəkməyə qərar verib: "Zəhər tuluğu" ilkin olaraq neqativdən yaranmış bir personajdır. Birinci seriyasını yazanda bilmirdim ki, ikinci seriyasında nə baş verəcək. Sadəcə belə başa düşdük ki, bu, yarımçıq əhvalatdır. Reaksiyalardan sonra ikincini fikirləşdim. Onda da bilmirdim ki, üçüncü bölümdə nə baş verəcək. Amma ikinci seriyanı yazanda 4-ün necə bitəcəyini bilirdim. Daha sonra ötən ilin avqustunda "Zəhər tuluğu" filmini çəkməyə qərar verdik. Artıq ssenari də hazırdır.

İyulda çəkilişlərə başlamaq istəyirdik, amma karantinə görə alınmadı.  Dekabrda "Zəhər tuluğu" filmini kinoteatrlara çıxarmaq istəyirik".

Aktyor "Zəhər tuluğu"nun cəmiyyətdə doğurduğu reaksiyalara nümunə də çəkib: "Mən seks işçiləri ilə bağlı cəmiyyətdə olan şablonları ssenariləşdirdim. Bir dəfə taksiyə minmişdim. Sürücü 22-23 yaşlarında olardı. Düşəndə pul versəm də, götürmədi. Səbəbini soruşanda dedi ki, sən mənə çox şey öyrətmisən. Soruşdum ki, mən sənə nə öyrədə bilərəm? Deyir, mən başa düşdüm ki, insan fahişə olsa belə, onu alçaltmaq olmaz".

T.Yüzbəyov növbəti layihəsinin yeni personajından da söz açıb: "İndi yeni superqəhrəman personajı barədə fikirləşirəm. 2012-ci ildə həmin personajı "superqaqaş" adı ilə canlandırmışdım. Ümumiyyətlə, istəyirdim belə bir personajım olsun, amma tapmırdım ki, onun əhvalatı, dili necə olmalıdır. Artıq serialın 2-3 seriyasını yazmışam. Onu 10 seriya olmaqla həftədə bir dəfə yayımlamağı düşünürəm. Həm çəkiliş, həm geyim baxımından çox çətindir. Bahalı bir layihə olduğuna görə hələlik qalıb. Amma bir yol tapıb həyata keçirəcəyəm. Yaxın gələcəkdə ilk bu olacaq. Ondan sonra beynimdə başqa bir personaj da var. Amma o hələlik sürpriz qalacaq".


Etiketlər:  Başa düşdüm insan fahişə olsa belə alçaltmaq olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ