Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 20:06
"Seroloji testlərin əhəmiyyəti çox böyükdür. Koronavirusu keçirib-keçirmədiyini bilmək üçün yalnız qan testi verməlisən".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, insanlar koronavirusu simptomatik və asimptomatik şəkildə keçirilə bilərlər: "İnsanlar xəstəliyi asimptomatik, rahat şəkildə keçirdikləri halda bunun fərqinə varmır, xəstəliyi keçirib-keçirmədikləri haqqında hər hansı bilgi sahibi olmurlar. Şikayətləri olmadığına görə hər hansı analiz və test verməyə ehtiyac görmürlər. Amma seroloji testdən keçməklə onlar bu xəstəliklə qarşılaşıb-qarşılaşmadıqları haqda məlumata sahib olurlar. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaranır. Bu testləri keçirməklə ölkə əhalisinin təxminən nə qədər hissəsində virusa qarşı formalaşmış immunitetin səviyyəsi öyrəniləcək".
V. Əliyev qeyd edib ki, seroloji testlər tam ödənişsizdir: "Bu testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi üzrə keçirilir. Yəni, istəməyən şəxs seroloji test verməyə bilər. Düşünürəm ki, hər bir insan daha əvvəl virusa yoluxub-yoluxmadığı barədə bilgi sahibi olmaq istəyər. Bu da bir şansdır. İnsanlar analiz verərək özünün bu virusa qarşı qoruyuculuğunun olub-olmamasını öyrənir. Bu onun üçün lazımdır ki, sonrakı mərhələdə virusla qarşılaşdığı vaxt həmin insan müvəqqəti də olsa, virusa qarşı qoruyuculuğu olduğunu bilir. Bu testlər vasitəsilə son 3-6 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək".
İnfeksionist bildirib ki, bu testlər yalnız koronavirusa qarşı qanda yaranan anticisimlər haqqında məlumat verir: "Seroloji testlər payız aylarında yayılan digər virus infeksiyaları ilə bağlı hər hansı qoruyuculuq barədə məlumat vermir. Koronavirusa qarşı qoruyuculuğun yaranması digər viruslara qarşı da qoruyuculuğun yaranması mənasına gəlmir".
Həkimin sözlərinə görə, bu testlərin aparılması tam təhlükəsizdir: "Seroloji testlərlə bağlı insanlara zənglər edilir. Bu testlərin mahiyyətini dərk edən insanlar inanmıram ki, testdən keçməyə etiraz etsinlər. Həm ödənişsiz, həm də insan həyatı üçün tam təhlükəsiz olan bir testin keçirilməsi ilə insan özü haqında bilgi əldə edir. Ödəniş edib, bu testdən keçən o qədər insan var ki... Amma dövlət tərəfindən bu testlər ödənişsiz həyata keçirilirsə, niyə də analiz verərək yoxlanmayaq? İnsanlar bunu doğru anlasa, maariflənsə, inanmıram ki, seroloji testlərdən imtina edən olsun".
Qeyd edək ki, Azərbaycanda bu həftədən təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə seroloji testlər keçirilir.
Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndərilir. Müayinə üçün venadan 3-5 ml qan nümunəsinin alınması kifayətdir.
Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
İlkin mərhələdə tədqiqatlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacaq.