Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2 aydır dağda yaşayan azərbaycanlı məşhur: Hər bir insanda nəfs də var, qorxu da - MÜSAHİBƏ

2 aydır dağda yaşayan azərbaycanlı məşhur: Hər bir insanda nəfs də var, qorxu da - MÜSAHİBƏ

Tarix: 25 Avqust 2020 10:30

Karantin adi insanlar kimi şou-biznesin məşhur simalarını da müəyyən çətinliklərlə üz-üzə qoyub. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bu müddətdə müğənni Talıb Tale fərqli məkanda yaşamağı seçib.

2 aydan çoxdur dağ həyatı yaşayan Talıbın Milli.Az-a müsahibəsini təqdim edirik:

Karantin tətbiq olunandan, demək olar ki, rayondasan. Bu müddətdə həyata baxışında, münasibətində nələrinsə dəyişdiyini hiss edirsən?

- Karantin ikinci dəfə sərtləşdiriləndən sonra rayona üz tutdum. Rayon qeydiyyatıyam, ona görə Göygölə üz tutdum. Amma rayonun mərkəzinə deyil, ən ucqar kəndlərinin yaxınlığında bir yer var, ora getdim. Studiya avadanlıqlarımı da yığdım apardım ora. Orada günüm çox xoş keçirdi. Mütəmadi idman edirdim, dağları gəzirdim. Orada bir studiya şəraiti qurdum, yeni mahnılar yazmışam. Xeyli yaradıcılıq işləri görmüşəm. Hərçənd ki, hələ üzə çıxartmamışam, çünki çəkilişlər filan lazımdır. Bu yaşdan sonra həyata baxışımda böyük bir dəyişikliyim inanmıram olsun. Bir az özümlə, təbiətlə baş-başa qaldım. Daha çox hiss etdim ki, maddiyat rahatçılığımızı təmin etmək üçün yox, müəyyən ehtiyacları ödəmək üçün daha çox lazımdır. Gördüm ki, maddiyatın önəmi mənim üçün bir az azaldı. Yeri gələndə, sadəcə, təbiətdən gözəl zövq ala bilərik, nəinki nələrsə istəyirik, vaxtımızı həddindən çox maliyyə üçün sərf edirik. Amma hərdən elə yaşaya bilərik ki, onun üçün elə bir maddiyat da tələb olunmur. Təbiət qoynunda bir neçə gün qalmaq insana böyük hüzur verir. 

Dəbdəbəli şəhər həyatı, yoxsa dağ adamı?

- Dağ həyatından dəbdəbəlisi ola bilər?! Ona görə də bunlar bir az maddiyata bağlı olur bəzən. Şəhər həyatı elə ola bilər ki, adi kənd həyatı ondan qat-qat üstün ola bilər. Amma bir şey deyim ki, gələcəkdə, yaşlanandan sonra həyatımı təbiət qoynunda keçirtmək fikrinə düşmüşəm artıq. 

Bu zamana kimi qazancını itirdiklərini geri qaytarmaq üçün sərf edərdin?

- Bəli, sərf edərdim. Amma həyatın reallıqlarını bilirəm. Bilirəm ki, geri qaytarmaq mümkün deyil. Duyğusal yanaşsaq, bəli, çox şeyi geri qaytarmağa çalışardım. 

Bir şansın olsaydı, ən çox nəyi, yaxud kimi geri qaytarardın?

- Əlbəttə ki, valideynlərimi.

Haqsızlığa səbr edənsən?

- Ümumiyyətlə, haqsız dünyada yaşayırıq. Bunu bir çox məsələlərdə görürük, cəmiyyətdə də, təbiətdə də. Dünyada ədalətli dünya dediyimiz yer yoxdur, ümumiyyətlə, haqsızlıq çoxdur. Müəyyən məqamlarda bunu hər birimiz də görürük. Bəlkə də deyirik, müəyyən məqamlarda hardasa susmağa məcbur oluruq. Bəzən hövsələm çatmayanda ola bilər danışım, amma haqsızlıq olanda səbr etməyi bacara da bilirəm. 

Nəfsin yoxdu, qorxun?

- Hər bir insanda nəfs də var, qorxu da var. Kim ki deyir məndə bunların heç biri yoxdur, yalan deyir, qeyri-səmimidir. Azı-çoxu var. Nəfsimi müəyyən qədər boğmağı bacarıram. Bəzən alınır, bəzən alınmır. Qorxununda ki üstünə getməyi bacarıram. Bunun da, əlbəttə, azı-çoxu var.

Ən çox xatirələrlə yaşayan insansan, arzularla?

- Daha çox arzularla yaşayan insanam. Amma bəzən xatirlələrlə də yaşamalı oluram. İnsan yaşa dolduqca müəyyən yaşa qədər arzularla yaşayır, yaşlandıqda artıq xatirələrlə yaşayır deyirlər, amma özümü hələ çox yaşlı hiss etmirəm. O baxımdan daha çox arzularla yaşayıram. 

Özünə ən çox etdiyin arzu?

- Özümlə bağlı ən böyük arzum həm fiziki, həm mənəvi sağlam bir həyat yaşamaq və bir də arzu edirəm qarşıma ürəyimcə olan bir həyat yoldaşı çıxsın.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  2 aydır dağda yaşayan azərbaycanlı məşhur Hər bir insanda nəfs var qorxu da MÜSAHİBƏ


RƏYLƏR