Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus birdəfəlik yoxa çıxa bilər - Mütəxəssis rəyləri və REALLIQ

Koronavirus birdəfəlik yoxa çıxa bilər - Mütəxəssis rəyləri və REALLIQ

Tarix: 1 Sentyabr 2020 15:20

Peyvəndi hələ də tapılmayan COVİD-19 virusu hazırda dünyanı ən çox narahat edən problem olaraq artıq 6 aydır ölkəmizdə də bir nömrəli məsələyə çevrilib.

Bu günə kimi ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilsə də bu şəxslər arasında təkrar yoluxma faktının aşkar edilib-edilməməsi məsələsi ən çox düşündürən suallardandır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Milli.Az-a açıqlamasında bildirib ki, təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar:

"Koronavirusa təkrar yoluxmalar təsdiq olunarsa, onda deməli, burada peyvənddən başqa çıxış yolu olmayacaqdır. Peyvəndin də burada əsas məqsədi o olacaqdır ki, o peyvənd 1 il, 5 il, 10 ildənmi bir vurula bilər və vurulduqdan sonra orqanizm həmin dövrdə o virusa qarşı müqavimətli olur və virus ona ciddi zərər yetirə bilmir. Amma peyvənd olmadığı dövrdə koronavirus çox böyük problemlər yaradacaqdır. Çünki təkrar yoluxma halı olarsa, təsdiqlənərsə, immunitet davamlı formalaşmazsa, bu, o deməkdir ki, qrip kimi insanlar hər il, bir neçə ildən bir mütəmadi olaraq koronavirusla rastlaşdıqca yoluxacaqlar və müxtəlif səbəblərdən asılı olaraq hansısa orta, yüngül, ağır dərəcəli COVİD-19 xəstəliyi inkişaf edə bilər".

1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov isə təkrar yoluxmanın digər infeksiyalar kimi gözlənildiyini deyib:

"Təkrar yoluxma halı mümkündür, ola bilər. Heç kəs bundan sığortalanmayıb. Ancaq 2 ay yarım, 2 aya qədər xəstənin bədənində müəyyən immunitet qalır. Ola bilsin ki, koronavirusa yoluxan şəxs başqa bir aqressiv formada təkrar yoluxsun, bu mümkündür. Bir də müşahidə etdiyimiz xəstələrin bəzilərinin sağalması prosesi uzanır və yaxud da bir neçə gündən sonra xəstədə görürsən təkrar qızdırma əmələ gəlir. Bəzən klinikaya təkrar daxil olan xəstələr olur. Açığı deyim ki, temperaturu qalxan, simptomları müşahidə edilən mütləq deyil ki, bu koronavirusdur. Bu, ağciyər, orqanizmdə, mədə-bağırsaq sistemində yaşaya bilən başqa virusların olması da mümkündür. Gərək bu hallar daha dərindən araşdırılsın. Əgər o xəstə sağalmırsa, mütləq başqa viruslar da araşdırılmalıdır. Xəstənin immuniteti aşağı düşdüyünə görə, onun mübarizə aparmaq imkanları nisbətən zəiflədiyinə görə başqa bir virusun da qoşulması mümkündür". 

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Milli.Az-a açıqlamasında Azərbaycanda bu vaxta kimi koronavirusa təkrar yoluxma halının qeydə alınmadığını bildirib.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Koronavirus birdəfəlik yoxa çıxa bilər Mütəxəssis rəyləri REALLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ