Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 17:58
Çilinin populyar "İnfogate" xəbər saytının (https://www.infogate.cl/) redaktoru tərəfindən AZƏRTAC-a əməkdaşlıq və xəbər mübadiləsi barədə təklif ünvanlanıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a göndərilən məktubda qeyd olunur ki, "İnfogate"in bir çox ölkədə, o cümlədən Meksika, Argentina, ABŞ, Kolumbiya, Peru, Venesuela, Ekvador, Boliviya və İspaniyada da oxucuları var. Sayt, eyni zamanda, Rusiyanın "Sputnik", İspaniyanın "EuropaPress" və Fransanın RFI agentlikləri ilə əməkdaşlıq edir. Onun materialları yerli telekanallar və saytlarda yayımlanır.
Məktubda AZƏRTAC-a istinadla xəbər paylaşılması, eyni zamanda, AZƏRTAC tərəfindən "İnfogate"in materiallarının yayılması təklif olunur və vurğulanır ki, bu əməkdaşlıq Cənubi Amerikada Azərbaycan və Qafqaz regionunun daha yaxından tanıdılması, regionun reallıqlarının işıqlandırılması baxımından əhəmiyyətli ola bilər.
Beş ildir Çilinin rəqəmsal mediasında yer alan və xəbər istehsalında fəal iştirak edən "İnfogate"in 11 mindən çox izləyicisi var. Onun xəbərlərinə Twitter sosial şəbəkəsində ayda orta hesabla 800 mindən çox baxış olur.
Qeyd edək ki, "İnfogate" Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra yazılar dərc edib. Bundan əlavə, sayt münaqişə barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhlil olunduğu məqalə yayıb, habelə AZƏRTAC-a istinadla xəbərlər paylaşıb. Digər analitik yazılarla da çıxış edən xəbər saytının YouTube kanalı üçün tanınmış siyasətçilərin və analitiklərin iştirakı ilə həftədə bir dəfə hazırladığı analitik proqramı Çilinin bir neçə telekanalında canlı yayımlanır.