Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNESCO-nun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib (FOTO)

UNESCO-nun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib (FOTO)

Tarix: 30 Iyun 2019 14:08

Bakı. Trend:

İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayır.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır.

UNESCO-nun baş direktoru xanım Odri Azulay sessiyada iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

İyunun 30-da baş direktor Odri Azulay və Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunda oldular.

Qonaqlar qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlar və qoruqda olan qayaüstü rəsmlərə baxdılar.

Məlumat verildi ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi ölkəmizə səfər edən hər bir qonağın böyük marağına səbəb olur. Ərazidə Daş dövründən Son Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar.

Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir.

Qeyd olundu ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırıldı ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlandılar.

Qonaqlar həmçinin “Qavaldaş” II Respublika festival-müsabiqəsində çıxış edən uşaq və gənclərin ifalarını da maraqla izlədilər.

UNESCO-nun baş direktoru Odri Azulay mətbuata açıqlamasında Qobustanda gördüklərinin onda ölkəmizin mədəni irsi haqqında əyani təsəvvür yaratdığını vurğuladı: “Qobustan çox maraqlı və böyük tarixi özündə birləşdirən məkandır. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratdı. Muzeylə və ərazidəki qədim rəsmlərlə tanış olduqdan sonra mənə tam aydın oldu ki, Qobustan niyə məhz UNESCO-nun Dünya irsi siyahısına salınıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  UNESCO baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ