Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib

Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib

Tarix: 1 Iyul 2019 17:42

Bakı. Trend:

Bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alındı.

Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı: “Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, deyə nazir əlavə edib.

Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.

Energetika naziri iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ