Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 15:36
Bakı. Asif Mehman - Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub.
Trend-in məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” yatağının yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyini vurğulayıb. Nazir yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib. İqtisadiyyat naziri dəmir filizi yatağında işlərin ən müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilməklə qurulmasının vacibliyini qeyd edib. Yatağın yenidən istismarının yeni iş yerlərinin açılması baxımından əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına da xüsusi töhfə verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Ssərəncamına uyğun olaraq, “AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayıb. Yataq 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar olunub, 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.